Axirəti qazanmaq
(hekayə)
Qəsəbə məscidinə, köhnə axund yerində sağ-salamat qala-qala, təzə bir axundun göndərilməsi dindarlar arasına pərxaşlıq salmışdı, camaat bilmirdi ki, nə fikirləşsin. Əhvalat gülməli də olsa heç kimin gülməyi gəlmirdi. İndi axundlardan gündə biri namaz vaxtı pişnamazlıq edirdi.
Tezliklə məscid əhli üç qütbə parçalandı. Köhnə axundun müridləri daha çox olsa da dindarların bəzisi təzə axundun tərəfinə keçmişdi. Əmələnin bir qismi isə ortada qalmışdı, hələ ki, tərəddüd eləyirdi, kimin tərəfini tutacağını bilmirdi. Diqqət çəkən bu idi ki, təzə axundun pişnamazlığında məsciddə seyrəklik olurdu.
Araya düşən ikitirəlik dini icmanın üzvlərini də dilemma qarşısında qoymuşdu. Uzun müddət belə gedə bilməzdi, bir qərar verilməli idi. İş onda idi ki, icmanın beş üzvündən üçü köhnə axundun sadiq tərəfdarə olsa da, o biri ikisi isə tərəddüd edirdi.
Bu gün sözləşmişdilər ki, namazdan sonra yaxındakı çayxanaya yığışıb məsələyə nöqtə qoysunlar. Hamı vaxtında gəlsə də hacı Gülü gecikirdi. İcma üzvləri küsülü kimi oturmuşdular, heç kimin cınqırı çıxmırdı.
Hacı Ruzgar söhbətə nərdivan qoymağa çalışdı:
-Görəsən məscidə ikinci axundun göndərilməsinə nə ehtiyac vardı?
Hacı Vaqif çoxbilmişlikə ona baxdı:
-Yəqin kabab iyi yuxarılara da çatıb!-Dedi, və susdu.
Araya yenə sakitlik düşdü. Sükutdan darıxan hacı Ruzgar bir daha cəhd elədi:
-Hacı Vaqif, bizim axundun təlimatı nə oldu?- Soruşdu.- Bayaq yanına girmişdin…
Hacı Vaqif köhnə axundun sağ əli idi. Əvvəl də tez-tez baş-başa verirdilər, amma indi lap günün yarısını bir yerdə keçirilər, tədbir tökürdülər. O, qayğılı dilləndi:
-Bizim axundu tanımırsız? Daş atır, başını tutur,- Dedi, cavab gözləmədən əlavə elədi.- Deyir, bu işdə məndən icma üzvlərinə məsləhətçi çıxmaz. Deyir, hamı iman əhlidi, özləri bilərlər, qərar onlarındı.
Məşədi Naxış dəqiqləşdirməyə çalışdı:
-Yəni təzə axundun torbasını tikə bilərik?- Soruşdu.- Hələ ki, arxasında beş-on nəfər namaz qılır, onları öz tərəfimizə çəkməyə nə var ki! Sonra gec olacaq ha!
Hacı Vaqif narahat oturmuş kərbəlayı Əliyə baxdı:
-Hamının razılığı olsa, bu işə əncam çəkməyə nə var ki,- dedi.
Kərbəlayı hacı Vaqifə cavab vermədi, burnunu çəkməklə kifayətləndi. Artıq ikinci caydan boşalmışdı, caycı ücüncü çaydanı ortaya gətirəndə hacıVaqif özünü saxlaya bilmədi, deyindi:
-Şair gecikməyi özünə şakər edib də! Vaxtında gəlməklə heç arası yoxdu…
Söz hacı Vaqifin ağzında təzə çıxmışdı ki, hacı Gülü daz başının tərini el dəsmalı ilə qurulaya-qurulaya, şlyapası qoltuğunda içəri təpildi. Əhvalaşaraq özünə çay süzdü, isti-isti bir qurtum alacaqdı ki, hacı Vaqif irad tutdu:
-Rəhmətliyin oğlu, çay qaçmır ki!- deyə onu tələsdirdi.- Mətləbə gəl.
Hacı Gülü fincanı əlindən qoymalı oldu:
-Necə demişdiz, elə də eləmişəm. Məscidə gələnlərin əksəriyyətinin ağzını aramışam. Haqq tərəfi, çoxu bizim axundu dəstəkləyir. Amma təzə axundu da tərifləyənlər də var. Xüsusən, əzadarlığını bəyənirlər.
HacıVaqif balacaboy kişi idi, üzündən hiyləgərlik yağırdı. Yetmişdən çox yaşı vardı. Məscidə məxsus böyük bir mağazanın müdiri idi. Köhnə axundun sayəsində əli pulnan oynayırdı. Mağazada dini suvenirlər, canamazlar, təsbehlər, üzüklər, ətirlər, dini kitablar, bir sözlə, cürbəcür əntiq mallar satılırdı. O, hacı Gülünün gah nala, gah mıxa vurmağını bəyənmədi. Tikanlı soruşdu:
-Deyəsən, təzə axunda beət eləmisən?
Sualın konkretliyindən çaşan hacı Gülü:
-Mən eşitdiyimi sizə çatdırdım…,- dedi, və çayı yenidən qabağına çəkdi.
Hacı Ruzgar da köhnə axundun xeyir-duasi ilə çörək yiyəsi olmuşdu. İri başı həmişə hərəkətdə idi. Nisbətən cavan olsa da həmişə bəlağətlə danışırdı. Neçə illər idi məscidin nəzdindəki mərasim evlərinə nəzarət edirdi. Təchizatına, biş-düşünə, mətbəxinə baxirdi. Hacı Vaqifin köməyinə gəldi:
-Gülü qardaşımızın bu yaşda qibləsini dəyişməyi heç xoşagələn iş deyil…,- deyə araya söz atdı.
Hacı Gülü çayı içə bilmədi, fincanı yenidən özündən kənara itələdi, kərbəlayı Əliyə baxdı, amma ondan hərəkət görmədikdə birdən qızışdı:
-Belə çıxır ki, ağa qara desəm yaxşıdı?- deyə çımxırdı.- Ay-hay! Mənim kimsəyə borcum yoxdu, azad şairəm, heç vaxt haqqı nahaqın ayağına vermərəm. İcazə versəz, o gün yazdığım iki bənd şeri sizə oxuyum…
Bu yerdə hacı Vaqif hacı Gülünün ağrıyan yağırını basdı:
-Əşi, qoy görüm!- Dedi.- Sənin dalı-qabağı bilinməyən şeirlərin kimə lazimdi, axı!
Köhnə ədəbiyyat müəllimi olan məşədi Naxiş məscidin mürdəşirxanasına baxirdi. Xırıltılı səslə təsdiqlədi:
-Eyzən elədi,- dedi.- Hacı Gülü, sən hələ də ədəbiyyat nəzəriyyəsini oxumamısan, amma şeir yazırsan, şairlik eşginə düşmüsən…
Hacı Gülü aciz halda balacaboy hacı Vaqifı üstən aşağı baxdi, uşaq kimi burnunu çəkdi:
-Bayy, hacıcan!-dedi.-Ad gününə yazdığım şeiri tərifləyib göylərə qaldiran sən deyildin? Sən deyildin deyən, hacı Gülünün şeirlərində Səməd Vurğunun nəfəsi var? Nə tez fikrini dəyişdin?
Hacı Vaqif istehza ilə:
-Süfrəmin arxasında oturan adamın könlünə dəyə bilməzdim ki! Qonaqpərvər adamam, – dedi, sonra qızarıb-bozaran hacı Gülüyə baxmadan o biri yoldaşlarına müraciyət elədi.- Heç bilmirəm bizim axund hacı Gülünün nəyinə vurulub da! Deyir, onun kitabını
böyük tirajla buraxdıracağam. Deyir, danışmışam, bir imkanlı dindar qardaşımız sponsorluq eləməyə hazırdı…
Hacı Gülü duruxdu, solğun üzü güldü, incikliyi dərhal unutdu:
-Doğru sözündü, hacı Vaqif? Ay sənin dilini yeyim!- Dedi, cavab gözləmədən bülbül kimi ötdü.- Sizə deyim ki, bizim axunddan, vallah, yoxdu. Həqiqətən dəyərli alimdi. Maşallah, yerin altini da bilir, üstünü də! Onun arxasında namaz qılmaq hər birimiz üçün böyük savablardandı…
Hacı Ruzgar məşədi Naxışıla baxışıb irişdi:
-Şair ilhama gəlib!- Dedi.
-Doğurdan da, mayasiz ilham olmur. Əslində, bizim axund şairi dəstəkləməkdə düz iş görür.- Məşədi Naxış təsdiqlədi.- Eyzən elədi.
Hacı Vaqif söhbəti məcrasından çıxmağa qoymadi, yenə nəsə demək istəyən hacı Gülüyə dedi:
-Şair çayını iç! Sonra çinədanını boşaldarsan.- Dedi, sonra kərbəlayı Əliyə müraciət elədi.- Sənin axır sözün nə olacaq, kəbleyi?
Kərbəlayı Əlinin üzündəki dərin çopurlar hərəkətə gəldi, sıxıla-sıxıla:
-Bilirsən ki, indi təqaüddəyəm. Əlim açağıdı,- dedi.- Başımı qatmaq üçün bir məşğuliyyətim olsaydı, heç pis olmazdı…
Hacı Vaqif boynunun ardını qaşıdı, bir az fikirdən sonra:
-Nəzir qutularına nəzarət sənə həvalə olunsa necə olar?- Soruşdu.- İndiyə qədər mən baxirdım, bundan sonra sən baxarsan.
Onsuz da işim çoxdu. Elə bizim axundun da məsləhəti belədi. Dedi, qoy, kərbəlayı Əli qardaşımız da ehtiyacın daşını atsın.
Kərbəlayi Əlinin tərəddüdü keçdi, astadan dedi:
-Mən həmişə bizim axundun yanındayam,- dedi.- Haqq tərəfi, məscidin ərsəyə gəlməyində bizim axundun böyük haqqı var, iyirmi ildi can qoyur. Onu heç kimin ayağına verə bilmərik…
Hacı Vaqif onun sözünü kəsdi:
-Madam yekdil qərara gəlmişik, onda hərəkətə keçmək vaxtı deyilmi?- Soruşdu.
Masa arxasında oturanlar həmfikirliklə gülümsədilər. Yer-yerdən dedyildi ki, vaxtdır.
Daha bir çaydan sifariş verdilər, söz ilahiyyat alimindən düşdü. Bilirdilər ki, dünyanın işləri dünyada qalacaq, əsas axirəti qazanmaqdı.

Müəllif: Sona Abbasəliqızı

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ