Nə var ki.

Dərd olar çəkilən tənha sevinc də

Ürəkdə dərdləri bölsəm nə var ki.

Min tülkü əlində girinc olunca,

Bir şirə yem olub ölsəm nə var ki.

*   *   *

Gözlər yol çəkibdir, ürəklər dərdi,

Arxadan vurulmuş görmüşəm mərdi.

Bilinər düşmənin mərdi, namərdi,

Dostun ürəyini bilsəm nə var ki.

*   *   *

İl keçər yaxşı, pis, ömür yarıdı,

Qəlbim çaylarımın nəm daşlarıdı.

Saçları ağardan göz yaşlarıdı,

Gözlərdən göz yaşı silsəm nə var ki.

*   *   *

Əsrlər qövr edər hələ yaramda,

Araz göz yaşlarımdır, axar aramda.

Dərdə bax, ağlaram…, ağlamaram da,…

Bi ürək dolusu gülsəm nə var ki.

*   *   *

İldırım Məmmədəm, eşit ay vətən,

Tükənməz eşqindir qəlbimdən ötən.

Olmadım bir ömrü çüçəkcən də mən,

Bir də bu dünyaya gəlsəm nə var ki.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 31 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru