Dəyişir təbiət

Dəyişir təbiət, dəyişir hər an,

Dəyişib yaralı aslana dönür.

Özü də qəstinə dayanıb insan,

Kəşflər artdıqca bu həyat sönür.

*   *   *

Tuşlanıb raketlər neçə hədəfə,

Hədəflər göylərin bağrından keçər

Bir yara vurulan göyə hər dəfə,

Bir qan axıdanda yerdə mərmilər.

*   *   *

Zavodlar işləyər tüstüsü zəhər ,

Boğar göy səmanı tüstü buludu

Yağan yağışlardan solar bar-bəhər

Göylər tökər yerə xəstə buludu.

*   *   *

Min illik ağacı dibindən qırıb.

Insan meşələrdən saxlamaz əsər

Insan təbiətin qəsdinə durub,

Özü dayandığı budağı kəsər.

*   *   *

Solan yarpaqların nəğməsi gəlməz.

Günəş od ələyər oyanan andan.

Quşlar uçub gedər qayıda bilməz,

Solan ağacların sızıltısından.

*   *   *

Buludsuz səmadan  yağmaz qar, yağış,

Susundan torpağın çatlar dodağı,

Göydən yer üzünə tökülər qarğış,

Səma bağışlamaz çəkilən dağı.

*   *   *

Bəsdir bu zülümlər kəsək tüstünü,

Yer yaşıl geyinsin səmalar mavi.

Silah atmaların alaq üstünü,

Sahibsiz qalmasın kimsənin evi.

*   *   *

Buludlar ələsin yağışı nur tək

Pozmayaq təbiət qoyan qanunu

Gəlin insan kimi biz də dəyişək,

Təbiət geyinsin yaşıl donunu

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 37 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru