Gülər Eldarqızının kitabı haqqında:

Həyat həqiqətlərini, hər gün rastlaşdığımız sadə, yaxud harınlaşmış insanların düşüüncələrini, dünyagörüşünü, xislətini qələmə almaq çoxuna asan görünsə də, əslində çətin və məsuliyyətli işdir. Niyə çətin və məsuliyyətli? Ona görə ki, bizim gözlərimizə adi görünən hadisələri, reallıqları, insan qəlbinin arzularını, xəyallarını, gözlərindəki sevinci, kədəri elə duymaq, anlamaq və təsvir etmək lazımdır ki, oxucunun maraq dünyasını tərpədə biləsən. Həmin hissləri özün yaşayasan ki, təxəyyülünün qonağı olanlar yorulmasın, axtardığını tapsın. Bunun üçün bədii təxəyyüllə həssas müşahidə qabiliyyəti, dilin incəliklərini dərindən bilmək birləşməlidir. Bu yaradıcılıq üçün çox önəmlidir. Bu fikirlərin içərisində vurnuxmağıma şairə və yazıçı Gülər Eldarqızının üçüncü mənəvi övladı – “Səssiz xatirə” səbəb oldu.

Gülər xanım müsbət auralı, həyat və yaradıcılıq eşqli yazardır, poeziyada və nəsrdə həmişə novatorluq axtarışındadır, uğurlu ədəbiyyat yaratmaq cəhdləri ümidvericidir. Hekayələrində bu günümüzün gerçəkliklərinə, insanların müsbət və mənfi məziyyətlərinə işıq salmağı bacarır. Mövzu kasadlığı yaşamır. Hekayələrin süjet xətti yığcamdır, sözü nüfuzdan salmır. İnsan və təbiət münasibətlərinə elə prizmadan yanaşır ki, cərəyan edən hadisələrin içərisinə bizi də dəvət edir və inandırır.

Gülər Eldarqızının lirik qəhrəmanlarının – Yusiflərin vəhşiləşən, Ariflərin pullandıqca xəsisləşən iç dünyası məharətlə, incə detallarla açılır ki, fikirləşirsən: “Aman Tanrı, niyə belələrini heç olmasa bir çox heyvanlar kimi sədaqətli, mərhəmətli yaratmamısan?” Yazıçı Yusiflərin, Ariflərin üfunətli daxili dünyasını elə ədəbi priyomlarla açır ki, hətta bəzən heyrətlənirsən. Düşünürəm ki, ətrafımız belə məxluqlarla doludur. Amma çoxumuzun bəsirət gözü yoxdur ki, bunları görüb, duyub yazaq.

Hekayə epik əsərlərin həcm etibarı ilə kiçik janrı olsa da bəzən özündə povest, roman yükü daşımağa qadirdir. “Qorxaq kişinin qəhrəman oğlu” kimi.

Ağdərədə qanlı döyüşlər gedir, “səfərbərlik” sözü Sadıq kişinin qara kabusuna çevrilib. Kəndin evlərindən hətta tək oğlanlar cəbhəyə gedir. Qorxaq Sadıq kişi isə “cəbhədən qanlı xəbərlər gələn günlərdən” üç oğlunu qorumaq, onları başqa yerdə gizlətmək üçün “dəridən-qabıqdan çıxır”. Arvad-uşaqlı iki oğuldan fərqli olaraq evin sonbeşiyi Emin atasının sözündən çıxaraq cəbhəyə yollanır. Bir neçə dəfə yaralansa da “Atəşkəs” elan olunandan sonra qəhrəman kimi sağ-salamat geri qayıdır. İki böyük oğlunu ucqar bir kənddə gizlənməyə məcbur edən Sadıq kişi “baxın, görün atalar necə oğullar yetişdirib” deyərək öyünür. Eminin qəhrəmanlığı ata-ananın, elin-obanın qürur yerinə çevrilir. Bu kiçik hekayədə Vətən, torpaq sevgisi, vətənsevərlik hissləri ön plana çəkilib, Gülər xanım 30 ildən çox əsir həyatı yaşayan torpaqlarımızın xilasının Eminlərin hünərindən asılı olduğunu anladır.

“Poeziyaya marağı olan, hətta şeirlər yazan” çoban Ceyhunun “ilham mənbəyi” ala quzunun “uf” demədən başını kəsməsinə səbəb “dəli-dolu şəhərin” soyumuş hissləri ilə nəfəs almasıdır. “Milyonlarla insanların sirlərini ört-basdır edən”, duyğularını soyudan şəhərə gələn çoban kəndli balası, bu laqeyd ürəkli şəhərdə özünü təsdiq etmək, qüdrətini, qolunun gücünü göstərmək üçün mütləq baş kəsməlidirmi ki? Özü də özünün sevimlisi,”ilham mənbəyi” ala quzunun başını. Sual maraqlıdır. İnsan təbiətdən uzaq düşəndə əzazilləşərmiş. Hətta şəhərdə təsadüfən onun işlədiyi sallaqxanaya gətirilən, kəsilmək növbəsini gözləyən özünün “ilham mənbəyi” ala quzunun baxışlarından yumşalmayıb boğazına bıçaq çəkəndə çox şeyi, hətta sevdiyi poeziyanı da unudur. “Ala quzu” insanlıq dərsidir anlayanlara…

“Xəyanət” hekayəsində Səbinənin xəyanəti ilə qarşılaşan Mehmanın quduzlaşmış xislətinə bu günümüzdə artıq heyrətlənmirik. 13 yaşlı məsum Zümrüddən anasının xəyanətinin qisasını almaq əslində insan əxlaqına sığışmır, heç “ac it” xasiyyəti də deyil. Hətta vəhşi heyvanlar belə anasının qisasını balasından almırlar. Bəs Mehman kimdir? İnsanlıq kriteriyalarının heç biri olmayan məxluqmu? Heyvandan şüursuz canlımı? Yox, ruhu ölmüşlərə məxluq, canlı demək belə insafsızlıqdır, heç heyvan da deməyək. Sevdiyi qadının qızının üstünə atılıb “xəyanəti xəyanətlə yuyarlar” düşüncəsinin sahibini siz necə adlandırardınız?..

“Günahsız gəlin”dəki Vüsal isə sevgisinin, sədaqətin, ailəsinin arxasında sipər kimi dayanan ər obrazıdır. Gülşənin saf sevgisinə inanır. Bu hekayədə də Mehmankimilər var. Bu ilahi sevgiyə iyrənc əlini uzatmaq istəyən “şərəfsiz” Sabirlər, saxta namus keşikçiləri Ariflər, daş ürəkli xalalar bu saf sevgiyə ləkə yaxa bilmədilər. Bu hekayədəki Sabirlər də Mehman kimi vəhşi ehtirasın şüursuz qullarıdır. Bu saf sevginin xilaskarı Vüsal ürəksiz mikroblardan fərqli olaraq ailəcanlı türk oğludur…

“Toza dönmüş xatirələr” hekayəsinin süjet xətti də bir sevgi üzərində qurulub – kitaba sevgi. Lirik qəhrəman yenidən “kitablar aləmi”nə – qonşu ofisə daxil olanda köhnə dostuyla – oxuyub yarımçıq qaldığı kitabla rastlaşır, onu doğması kimi bağrına basır, Ramiz Rövşən demişkən, kitabdakı “sözlərin tozunu alır”, “bizi oxuyun, bizi oxuyun!” hayqıraraq fəryad qoparan kitabların halına acıyır. Yadıma Çernışevskinin bir deyimi düşdü: “Kitab bir nəslin gələcək nəslə vəsiyyətidir”.

“Ot biçini”ndəki Gülər ailənin gül balası kimi böyüsə də anasından gizlin qonaq gəldiyi kənddəki biçinçi qızlara qoşulub qazandığı 25 manatla aldığı jaketi geyinəndə “dünyanın ən bahalı zər-zibasına bürünmüş” kimi sevinir. Bunu anasından gizlətməyi qərara alsa da, sonra fikrindən dönür. Yalan danışmağı özünə rəva bilməyən Gülər həqiqəti söyləməklə rahatlıq tapır. Onun “Ot biçini” inşası dərs ilinin ən yaxşısı seçilir. Halal zəhmətin ləzzətini yaşayan Gülərin – yazıçının adaşının, bəlkə də prototipinin sevincinin həddi – hüdudu olmur.

“Ziyarət” hekayəsində Beşbarmaq pirinə gedən ər və arvadın oradakı şəriət qaydalarına hörmətsizlikdən, qaranlıq otaqda oturub hərisliklə ziyarətçiləri nəzir veməyə tələsdirən çalmalı kişilərin tamahkarlığından, övladı dünyaya gəldiyi üçün niyyət edib ziyarətə gələn təmiz qəlbli gəlinin gördüyü etinasızlıqdan sarsılmasını Gülər xanım təxəyyül süzgəcindən keçirərək təsvir edir.

“Adət – ənənə” də isə yazıçı hələ də Vətənimizin müxtəlif bölgələrində dərin kök atmış mövhumatı, xurafatı, türkəçarəni ürək ağrısı ilə qələmə alır. Rusiyadan Vətənə yeganə oğlunu müsəlman etmək üçün gələn ailə oğlunu dəllək Faiqin naşılığı, nadanlığı və soyuqqanlılığı nəticəsində itirir. Firəngiz nənələrin geridə qalmış düşüncəsini dəyişməyə çalışan müəllif bu hekayədə xalqı qəflət yuxusundan ayılmağa, xurafatın buxovundan xilas olmağa səsləyir.

Söz sənəti sənətlərin ən qədimi olub, cəmiyyətin ovqatının barometridir. Söz sənəti cəmiyyəti yaşadan, istiqamətləndirən, məfkurə yaradan, məfkurəni qoruyub gələcək nəsillərə çatdıran zəngin və uzunömürlü xəzinədir. Gülər Eldarqızı da bu gün sözün beşiyi başındadır, ona layla çalır, sözün şıltaqlıqlarından ləzzət alır.

Onun “Səssiz xatirə”sindən uğurlu söz boylanır…

Fevral 2020.

Müəllif: Vaqif Osmanov

=====================================================ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ