Özgə namusu…
(hekayə)

Rüstəm kişinin altı oğlu, bir qızı vardı. Həyat yoldaşı çox illər bundan qabaq rəhmətə getmişdi. Qızı Zərifə oğlanlarından böyük olduğu üçün, onu iki il bundan qabaq, qonşu kənddə yaşayan İsa adlı bir oğlana ərə vermişdi.
Kürəkəni qanacaqlı, qabiliyyətli, işgüzar bir oğlan idi. Həm Rüstəm kişi, həm də, qızı İsadan çox razılıq edirdilər. Amma bir məsələ var idı ki, Rüstəm kişinin altı oğlundan heç birinin bacılarının ərini görməyə gözləri yox idi. Onlar kürəkənlərini görəndə, elə bil qutuda qara ilan görürdülər. Səbəbi də o idi ki, ataları Rüstəm kişi İsanı çox istəyirdi. Kişi harda olsaydı kürəkənindən danışar, oturub-durub onu tərif edər və and içəndə də onun canına and içərdi. Bu da qardaşlara yaman acıq gəlirdi.
Doğma qardaşlarının onun həyat yoldaşından xoşları gəlmədiyini Zərifə bilsə də, bunu üzə vurmayıb, birtəhər səbr edib, dözürdü. Dözürdü ki, bəlkə qardaşları nə vaxtsa, bu daşı ətəklərindən töküb, onun ərini özlərinə doğma bilib, yaxına buraxdılar.
Zərifə çarəsiz idi, nə qardaşlarından keçə bilir, nə də həyat yoldaşından əl çəkə bilirdi, qalmışdı odla suyun arasında girinc-giriftar.
Həftələr, aylar ötdükcə qardaşların kürəkənə qarşı kin-küdrəti azalmaq əvəzinə, bir az da artıb, çoxalırdı. Hətta, iş o yerə gəlib çatmışdı ki, bir dəfə Zərifə ata evində olarkən qulağıyla eşitdi ki, qardaşları sözü bir yerə qoyub, onun ərini öldürmək istəyirlər. – “Belə getsə, – deyirlər, – el-oba içində rüsvay olub gedəcəyik. Hara gedirik camaat bizdən danışır. Deyirlər ki, bəs, Rüstəm kişinin altı oğlu ola-ola, onlar bir yana qalıb, kişi kürəkəni İsanın canına and içir. Camaatdır da, hansının ağzını bağlamaq olar?! Elə fikirləşər ki, biz atamıza yaxşı baxmırıq, onun qulluğunda dura bilmirik. Bir gün bu İsadı, Kosadı nədi, bizim papağımızı yerə soxacaqdır. Nə qədər ki, el-oba içində biabır olmamışıq, gəlin bu kürəkənin başını əkəyin getsin!” – deyə qardaşlar sözü bir yerə qoyurlar.
Qız qardaşlarının bu niyyətindən xəbərdar olan kimi, bərk narahatçılıq keçirir və qərara gəlir ki, vaxt itirmədən məsələni açıb atasına söyləsin. Yoxsa, bu işin gec-tez bir qəmbərqulusu çıxacaqdır.
Zərifə fikirləşir ki, qardaşları onun həyat yoldaşına bir zəfər toxundurub, eləsələr mütləq onları tutub salacaqlar həbsxanaya. Sonra heç nəyin üstündə böyük bir ailə məhv olub gedəcəkdir. Ona görə də qız açıb məsələni atasına danışır.
Rüstəm kişi dünyagörmüş adamdı, qızını diqqətlə dinlədikdən sonra, dərindən köks ötürdü. Anladı ki, oğlanları onun kürəkəninə olan mehribançılığına qısqanırlar. Və onu da anladı ki, bu qısqanclığın axırı qan-qadayla qurtara bilər.
Kişi gecəni yatmayıb səhərə qədər götür-qoy etdi. Səhər açılan kimi o, bütün övladlarına xəbər edib bildirir ki, günortaya hamı onun evinə toplaşsın, vacib söhbətim olacaq! – dedi.
Sonra özü də qabaqcadan hazırlığını görüb, həyətindən bir toğlu kəsərək, günortaya yaxşıca yemək hazırlatdırır.
Deyilən vaxt hamı toplaşır. Yemək-içmək qurtarandan sonra Rüstəm kişi üzünü oğlanlarına tutub deyir:
– Durun hamınız ayağa və böyükdən kiçiyə düzülün evin ortasında.
Altı oğlunun altısı da ayağa qaxıb, düzülürlər ataları deyən qaydada, yan-yana.
Kişi bu dəfə üzünü kürəkəni ilə qızına tutub deyir:
– Siz də durun keçin onların yanına.
Kürəkənlə qız da bir söz deməyib gedib dayanırlar sakitcə onların yanında.
Rüstəm kişi diqqətlə onları nəzərdən keçirəndən sonra üzünü qızına tutub:
– Qızım, Zərifə, bir az qabağa çıx görüm.
Qız bir şey başa düşmədiyindən gözlərini döyə-döyə bir addım qabağa atır.
– Çıxart paltarlarını! – deyə, ata qızına əmr edir.
Rüstəm kişinin bu sözlərindən hamı diksinir və təəccüblə bir-birlərinin üzünə baxırlar.
Qızı Zərifə də bir şey anamadığından gözlərini döyə-döyə atasının üzünə baxır.
– Qızım, səninləyəm, soyun paltarını! – deyə, ata bu dəfə acıqla dillənir.
Qız bir söz deməyib bir-bir paltarlarını soyunur.
Rüstəm kişi belə bir vəziyyətdə başını aşağı salıb sakit səslə:
– Qalan paltarlarını da çıxart! – deyir.
Qız utandığından əlləriylə üzünü qapayaraq ağlamağa başlayır.
– Sənə deyirəm, çıxart paltarlarının hamısını!.. Eşitmirsən?! – deyə kişi səsini ucaldır.
Qız atasının xasiyyətini bildiyinə görə, daha bir söz deməyib, ərinin arxasına keçir və utana-utana paltarlarının qalanını da soyunmaq istəyəndə atası onu saxlayır:
– Dayan bir görüm!
Bu mənzərə hamının heyrətinə səbəb olduğundan bir kimsə cınqırını belə çıxarmadan başını aşağı salıb susmuşdu.
Yaranmış sükütu yenə də Rüstəm kişinin boğuq səsi pozdu. O, üzünü oğlanlarına tutub acıqlı səslə dedi:
– Görürsünüz, altı qardaş olsanız da, bacınız ar-namusunu yad oğlunun arxasında gizlətdi. Biz onun canbir, qanbir doğmaları olsaq da, o, namus-qeyrətini bizə deyil, yad oğluna etibar etdi. İndi özünüz deyin, məgər mən kürəkəni istəməkdə düz eləmirəmmi?! Namusumuzu, qeyrətimizi qoruyan bir adamın canına and içmək, onu əzizləmək nə vaxtdan səhv bir iş olubdur, hə?! Sizdən soruşuram, bəlkə mən səhv edirəm?! – Amma görün siz nə edirsiniz? Namusumuzu, qeyrətimizi çəkən bir adamı öldürmək istəyirsiniz?! Sizdən soruşuram, bunu etməklə siz özünüzü kişi, başqasını nakişimi sanırsınız?! Bilin, kürəkən bizim namusumuzu qoruyan bir kəsdir. Onun yeri hamımızın yanında əziz omalıdır, eşidirsiniz?!
Atalarının bu sözlərindən sonra, altı oğulun altısı da başlarını aşağı salıb susdular…
Otağı dərin sükut bürümüşdü. Bircə, ərinin arxasına qısılaraq xısın-xısın ağlayan Zərifənin qırıq-qırıq səsi eşidilirdi.

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ