
Bu gün tanımış şair, el sənətkarı -sazbənd, aşıq, müəllim Adil Cəfakeşin ad günüdür!!! Ad günü münasibəti ilə ustadı təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar arzu edirik!!! Uğurlarınız bol olsun, Adil müəllim!!!
ADİL CƏFAKEŞ HAQQINDA
Adil Cəfakeş 1966-cı ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub. O, Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirsə də, hələ uşaq yaşlarından saza-sözə könül verib. Bu el sənətkarının indiyə qədər üç kitabı (“Bir ağı de, ay ana”, “Yolçu, hara gedirsən”, “Ağam Alıdı”) işıq üzü görüb. Adil Cəfakeş həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Adil Cəfakeş aşıqlığı öz həmkəndlisi Mehbalıdan öyrənib. Mehbalı qədim havalara, Qarabağın ustad aşıqlarına yaxşı bələd bir sənətkardı. Adil Cəfakeş “Ağbaba gülü”, “Sarıtorpaq”, “Zəngəzur gözəlləməsi”, “Dərvişi”, “Dərbəndi” kimi saz havalarını ustadından əxz edib. Mehbalı təxminən 61 yaşında, 1992-ci ilin mayında Laçının işğalı zamanı itkin düşüb.
Adil Cəfakeş həm yaradıcı aşıq, həm sazbənddir. Musiqi duyumu qüvvətli olduğundan bir neçə saz havası da yaradıb. O, yaşı çox olmasa da, Qarabağ aşıq mühitinin Laçın qolunu təmsil edən ustad aşıqlar haqqında kifayət qədər bilgiyə malikdir. Məsələn, mən onun vasitəsilə ilk dəfə Aşıq Səlim, Aşıq Cəfərqulu, Aşıq Ələmşah və başqaları haqqında az-çox məlumat əldə etmişəm. Yəni Mehbalının ustadı öz babası Aşıq Səlim, onun ustadı isə Aşıq Cəfərqulu olub. Aşıq Cəfərqulunun yaratdığı bir neçə saz havası (“Zəngəzur gözəlləməsi”, “Sarıtorpaq”) dövrümüzə qədər gəlib çatıb. Aşıq Adil Cəfakeşin dediyinə görə, bu havalardan “Sarıtorpaq”a bəzən “Sarıqaya” da deyirlər. Onu da qeyd edim ki, Aşıq Cəfərqulunun ustadı Laçının Kamallı kəndindən olan Aşıq Ələmşahdır. Deyilənə görə, Aşıq Ələmşah çox təbli aşıq olub. O, Aşıq Ələsgərlə dostluq eləyib. Təəssüflər ki, bu ustad aşığın yaradıcılığı vaxtında toplanıb yazıya alınmadığından itib-batmışdır. Bu el sənətkarından dövrümüzə bir yadigar hava (“Ağbaba gülü”) qalıb. Bu hava haqqında bir rəvayət bu günlərə qədər laçınlılar arasında dolaşmaqdadır. Rəvayətə görə, bu saz havası Ağbaba dağının ətəyində yaradılmışdır.
Aşıq Ələmşahın ustadı isə Aşıq Həşimdir. Bu sənətkar da zəngin yaradıcılığa malik olsa da, onun ədəbi irsindən heç nə qalmamışdır.
AMEA Folklor İnstitutunun buraxdığı “Qarabağ musiqi folkloru” (xalq mahnıları, təsnif və rəqslər) diskində Adil Cəfakeş və onun şəyirdi Təşəkkül Əmrəliyevin ifalarında iki qədim saz havası (“Ağbaba gülü”, “Zəngəzur gözəlləməsi”) yazıya alınmışdır.
Adil Cəfakeş hazırda Laçın rayon Şəlvə kənd uşaq musiqi məktəbində sazdan dərs deyir.
Sənət şəcərəsi:
Aşıq Həşim → Aşıq Ələmşah → Aşıq Cəfərqulu → Aşıq Səlim → Mehbalı → Adil Cəfakeş.
Adil Cəfakeşin Təşəkkül Əmrəliyev, Rəfael Alməmmədov, Nasir Alxasov, Ağa Quliyev kimi istedadlı şəyirdləri var.
Kitabları:
- “Bir ağı de, ay ana”,
- “Yolçu, hara gedirsən”
- “Ağam Alıdı”
- “Azmışam öz içimdə”
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ