Gördüklərim… Tanıdıqlarım… Sevdiklərim…
(Tanınmış yazıçı Meyxoş Abdullahın yaradıcılığı haqqında…)

Tanınmış yazıçı, söz sərrafı, çağdaş ədəbiyyatımızda realist hekayələri ilə şöhrət qazanmış yazıçı Meyxoş Abdullah ilə cəmi bir dəfə rastlaşmışam, özü də Cəlilabad şəhərində. “Anakonda ovu” kitabının arxasında verilən foto şəklindən tanıyırdım onu. Enli bığları olan bu yazıçının üzünün qurluşu yaddaqalandır Çöhrəsindən nur tökülür. Onu ilk baxışdan tanıdım. Salam verdim. Görüşüb hal-əhval tutdum. O, məni tanımasa da, mehribanlıq göstərdi. Mən dedim:
– Siz yazıçı Meyxoş Abdullahsınız, zənnimdə yanılmıram ki?! Tanış olmağıma şadam. Məndə Lənkərandanam, yazıçı Səyavuş Süleymanlıyam. Məndə sizin “Anakonda ovu” kitabınız var. Sizin əsərlərinizlə maraqlandığım üçün onu mənə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsinin katibi şair İltifat Saleh bağışlayıb.(Allah onu rəhmət eləsin!) Yaxşı yazırsınız. Mən sizin mətbuatda çıxan hər bir yazınızı həvəslə oxuyuram. Qüdrətli qələminiz var. Ən əsası odur ki, cəsarətli yazırsınız.
Yazıçı Meyxoş Abdullah razılıq etdi. Məni “Şəfəq” jurnalından tanıdığinı bildirdi. Mənə qonaqpərvərlik göstərdi və ayrıldıq.
Bizim Cənub bölgəsində şair və yazıçılar jurnallarda çap olunduğu üçün bir-birlərini yaxşı tanıyırlar. Meyxoş Abdullahı isə bütün respublika tanıyır.1962-ci ildə Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olan Meyxoş Abdullah “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın”, “Gecə qapısı döyülən qadın” və bir sıra başqa kitabların müəllifidir. Respublikanın dövri mətbuatında müntəzəm olaraq çap olunur. Çox məhsildar yazıçıdır.
Yazıçı zəhmətə qatlaşmağı haqqında belə yazır: – “Zəhmətsiz heç nə başa gəlmir, bu sözü hamı işlədir. Amma bu sözün mahiyyətini dərk etmək, onu öz həyatında, yaradıcılığda görmək tamam başqa bir məsələdir”.
Yazıçı Meyxoş Abdullah oxucu ilə dil tapan yazıçılardandır, yazdığı əsərlər qarşısında hesabat verənlərdəndir. Onun ehtirafları birdə ona gətirib çıxarır ki, tənqidi qərəzsiz qəbul edir. Çünki deyir ki, bütün əsərləri uğurlu ola bilməz. Bu barədə yazıçı öz fikrini belə əsaslandırır: – “Əsər üzərində işləyərkən gözlərimin önünə, birinci növbədə oxucularımı gətirirəm. Onların hansı məqamlarda mənə öz iradlarını bildirəcəklərini qabaqcadan duyduğuma görə, əsərlərim üzərində dönə-dönə işləməyə məcbur oluram.”
İstər povest və istərsə də hekayələrində yazıçı mövzu üzərində işləyərkən, öz vicdanının səsinə qulaq asır, hər hansı kənar müdaxilələrə və şirnikləndirici amillərə yol vermədən yalnız və yalnız öz qəlbinin hökmünü dinləyir.Özü də təsdiq edir ki, yazar üçün bundan başqa ikinci yol yoxdur!
Yazıçı “Alagöz” povestini bir neçə dəfə yenidən işləyib. Söhbət “Alagöz” adlı atdan gedir. Hadisələr işğal altinda olan Kəlbəcərdə və onun ətrafında baş verir. Müəllif bir canlı varlıq kimi Alagözün düşdüyü çətinliklərdə keçirtdiyi psixoloji sarsıntıları, onun yaşam tərzini, şüurlu varlıqlardan fərqli olaraq, instik duyğularını verməyı çalışmışdır.
“Alagöz” povesti 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli Mənəvi yaddşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş” mükafatına layiq görülmüşdür. Bu əsər, keçirilən müsabiqədə 2-ci yeri tutmuşdur.
Yazıçının Bakı -“Yazıçı”-2005-ci ildə nəşr olunan “Anakonda ovu” kitabında verilmiş “Nuridə”, “Qan”, “Diş həkimi Albert”, “Anakonda ovu”, “Sağır quzu”, “Terrorist”, “Qara çörək”, “Özgə namusu”, “Oğru pişik”, “Sınmış budaq”, “Qaz yumurtası”, “Borc”, “Boş qəbir” və başqa hekayələrin yüksək emosional psixoloji təsiri , oxucunun adilikdən uzaqlaşdırmaq sehri Meyxoş Abdullah yaradıcılığının səciyyəvi xüsusiyyətlərindəndir.
“Nuridə” hekayəsində yazıçı dörd bir yandan erməni kəndləri ilə əhatə olunan qəsəbə sakinlərinin düşmənlərinin qəfil hücumundan çəkdikləri əziyyət və işgəncələrdən söhbət açır və bir ailə faciəsini realist boyalarla təsvir edir.
Əsərin qəhrəmanı Nuridə bir gecə ərzində başına gələn hadisələri ürək ağrısı ilə danışaraq, ermənilərin xəstə anası , qoca atası və məsum bacısının öldürülməsində cinayatkar olduqlarını, günahsız qanlar tökmələrini, qız, gəlinlərin şərəf və ləyaqətini tapdalamalarını pisləyir və iki ayaqlarını itirənədək namusunu qoruyan bir qəhrəman qız kimi yadda qalır.
Nuridə məsum bacısı Səbinə ilə qayadan aşağı tullanarkən, onu itirir, lakin özü sağ qalır, şaxta isə ayaqlarını dondurur, nəticədə, özünkülər tərəfindən xilas olsa da, xəstəxanada hər iki ayağını itirir.
Hekayənin sonu çox ibrətamizdir . Nuridə ayaqlarını əməliyyat etmiş cərrahdan təkidlə kəsilmiş ayaqlarını istəyir və bu arzusu yerinə yetirilərkən həkimə deyir: “Həkim, bu ayaqlar mənim namusumu, şərəfimi qorudular. Atamın, anamın və məsum bacımın narahat ruhlarının təskinlik tapması üçün, mənim sağ qalmağima bais oldular. Mən ona görə onlara borcluyam ki, bu gün sağam şəhid olmuş bütöv bir ailənin sərgərdən ruhlarının toxtaqlıq tapacağı bir evin ocaq çatanıyam…” (səh.199)
Yazıçı Meyxoş Abdullahın dili lakonik, şirin və axıcıdır. Oxucu onun fikirlərini yaxşı başa düşür. Dilin şirinliyi, ifadələrin aydınlığı, təhkiyə formasının ideyaya xidmət etməsi, məzmun zənginliyi, savadlı nitq mədəniyyəti, oxucunun hadisənin axarına aparmaq məharəti, fərdi yaradıcılıq üslübuna sadiqliyi yazıçı Meyxoş Abdullahın ən əsas məziyyətləridir.
Hamıya bəllidir ki, nasirlər əsərlərini yazarkən həmişə fikirlərində oxucuları ilə həmsöhbət olurlar. Bəzən, hətta masa arxasında oturub oxucu ilə söhbət də edirlər. Yazıçı Meyxoş Abdullah bu barədə belə deyir: “Hər bir yazarın arzusu oxucusu ilə həmsöhbət olmaq, onların irad və təkliflərini dinləməkdir. Bu baxımdan mənim problemim yoxdur. Demirəm ki, mən kitablarımı oxuyanlardan hamısından xoş sözlər eşidirəm.Yox, bu bir az düzgün olmazdı”.
Müasir ədəbi tənqidimizdə bədii əsərlərdə ideya- estetik dərketməyə xüsusi fikir verilir. Bu barədə görkəmli tənqidçi-alim Vaqif Yusiflinin də öz fikri vardır. Vaqif müəllim bədii əsərin ideyasını onun mövzusu ilə sıx surətdə bağlılıqda görür. Bədii əsərin ideyası yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxartdığı nəticə, oxucuya təlqin etdiyi fikirdir.
Yazıçı Meyxoş Abdullahın bütün əsərlərinin ideyası vardır. Əsərlərində mövzu ilə ideyanın bu dərəcədə yaxından əlaqədar olması, oxucuya təlqin etdiyi əsas fikirdir. Ayrı-ayrı problemlərə toxunarkən yazıçı Meyxoş Abdullah qoyduğu məqsədə nail olur, cəsarətlə məqsədinə özünün düşüncə tərzinə və mövqeyinə sadiq qalaraq, təsvir etdiyi hadisənin ideya-bədii məzmunu ilə mövqeyini açıq-aşkar bildirir. Bu mənada onun “Terrorist”, “Qara çörək”, “Özgə namusu”, “Borc” və başqa hekayələrində ideyanın açılmasından ötrü həyat həqiqətlərindən, hadisələr silsiləsindən bəhs edir, aydın və real gərçəkliyi özünə məxsus bir formada təsvir edir.
“Ədəbiyyat qəzəti”nin 15 iyul 2017-ci il tarixində 27-ci səıhifəsində yazıçının “Baş tutmayan intihar …” hekayəsi çap olunmuşdur .Maraqülı hekayə idi, həm də novella idi. Çünki sonu gözlənilməz qurtardı.
Başqasının xoşbəxtliyi üzərində öz ləyaqətsiz həyat tərzini qurmağa çalışan, lakin uğursuzluğa düşüb özünü intihar etmək istəyən gənc qadının düşdüyü vəziyyəti görüb ona kömək əlini uzatmağa çalışan hündürboylu qadın söhbətin kimdən getdiyni və bu oyunda hədəfin kim olduğunu bilsə də , özünü o yerə qoymur, o zamana kimi, hekayənin sonunda dözə bilməyib gənc qadına deyir: – “ O sevdiyin kişi , dərdindən öldüyün şair, bölüşə bilmədiyiniz adam mənim vəfasız ərimdir!. . İndi sən de, özünü asmalı qadın sənsən, ya mən?! Cavab ver, səndən soruşuram;- sənsən, ya mən?”
Bu hekayədə məzmun da var, ideya da.
Bəzən mütaliə ilə məşğul olarkən elə almanax və bölgə dərgiləri ilə rastlaşiramki, təəccüb edirəm ki, bunlara redaktorluq edənlər fikirləşmirlər ki, hər cizmaqaranı nəşr etmək olmaz. Dilimizin qayda qanunlarını bilməyən, özünü sənətkar hesab edən , roman adı altında öz cızmaqaraları ilə jurnal səhifələrini zəbt edən üzdəniraq müəlliflər faydalı işlərlə məşğul olsalar daha yaxşı olmazmı?! Belələri ədəbiyyat aləmində heç bir uğur qazana bilməzlər! Çünki istedadı Allah-taala verir. Əgər o, səndə yoxdursa, gərək qələmi yerə qoyasan. Yox, o qələmi yerə qoymasan, onda özünü gülünc vəziyyətə qoyarsan, hamı sənə gülər, diqqətli və tələbkar oxucuların gülüş hədəfinə çevrililərsən. Yaxşı-yaxşı düşün. Böyük ədəbiyyat meydanında gün keçirmək olmaz! Bu meydanda Alagöz atın belində Meyxoş Abdullah kimi realist yazarların gəzişməsi , at oynatmaları daha xoş olardı…
Yazıçı Meyxoş Abdullahın “Qara çörək “ hekayəsi də maraqlı sujet xətti ilə qurulub. 1992 – ci ilin ağır günləri, çörək dükanlarının qarşısında uzanıb gedən növbələr, gözlərimizin qabağında acı xatirə kimi canlanır. O acı günləri mən də görmüşəm, mən də o acı günlərin acı şərbətini dadmışam.
Hekayədə oxuyuruq: “Çörəyin olmaması, olanda da keyfiyyətinin aşağı olması, camaatı yaman dilxor edirdi. Əhali arasında söz-söhbət gəzirdi ki, guya hökumətin Hollandiyadan alıb gətirdiyi taxıl, mal-qara yemi üçün nəzərdə tutulubmuş. Çarəsizlikdən, alınan taxıldan çörək bişirilib camaata satılırdı.
Hər gün işdən qabaq sübh tezdən növbədə olan Səlim müəllim evə apardığı dörd qara çörəyin balalarına necə çatdıracağı haqqında düşünür. Vəziyyət o qədər ağırdır ki, çörək qıtlığından hamı əziyyət çəkirdi. Belə ağır dərdə mübtəla olan insanlar bir-birlərinə dayaq olurdular, lakin elə insanlar da vardı ki, onlar adi insanlıq ləyaqətini, alicənablığı unudub, öz qəddarlıqları ilə fərqlənir, başqalarını təhqiramiz sözləri ilə aşağılayırdılar.
Səlim müəllim də belə bir məmurla rastlaşır, müvəqqəti olaraq övladlarının ağ çörək yemələrinin sevincinə səbəb olduğu bir neçə anın xoşbəxtliyini məmur müdirin təhqirlərinə qurban verdiyinin fərqinə varmasa da, nəticədə vicdanının səsiylə geri qayıdıb öz şəxsiyyətinin daha uca olduğunu müdirə kəskin sözləri ilə bir daha sübut edir.
Hekayənin sonu nikbin notlarla qurtarır: “Axşam süfrə başında şam eləyəndə, mənə elə gəldi ki, bu qara çörəklər günorta yediyimiz o ağ çörəklərdən daha şirin, daha dadlıydı…”
Yazıçı Meyxoş Abdullahın “Özgə namusu” hekayəsi də ibratamiz bir əhvalatın məntiqi nəticəsi və sonluğudur. Səhv bir fikrə düşmüş qardaşların son məqamda ataları Mehralı kişinin qənaətinə gəlib hərəkətlərindən utandıqlarını susmaları ilə bildirmələri bir daha onu göstərir ki, qeyrət, namus və şərəf hər şeydən üstündür və bu ləyaqət hissləri yalnız onu qoruyanlara məxsusdur.
“Sınmış budaq” hekayəsini oxuyarkən xeyli güldüm, ovqatım yaxşılaşdı. Buradakı incə yumor tarıma çəkilmiş əsəblərimi yumşaltdı. Yazıçının üstüörtülü eyhamları oxucunu bir qədər intizarda saxlasa da, hekayənin sonunda düyün açılır və baş qəhrəmanın fikirlərinin gerçəkliyinə inanırsan. Bir Azərbaycan vətəndaşı kimi mən də istərdim ki, mənim azərbaycançılığım hər yerdə həmişə mənə qürur gətirsin, yəni biz harada oluruqsa-olaq, öz mentalitetliyimizlə başqa xalqlardan fərqlənək.: vətənpərvərliyimizlə, qeyrətimizlə, insanlığımızla, mədəniyyətimizlə, təbiəti sevməyimizlə dövlətçiliyimizlə və.s və s…
Çox uğurlu hekayədir. Ümumi nəticəyə fikir verin: “Eloğlu, sanatoriyanın həyətində bir alma ağacı sındırılmışdı. Bildim ki, bunu bizimkilərdən başqa, heç həs eləməz. Bax, bu şedevrdir! Kiçik bir hekayədə, böyük bir fikri incə yumorla ifadə etmək bacarığı, məhz yazıçı Meyxoş Abdullah yaradıcılığına xas olan xüsusiyyətlərdən biridir. Əhsən bu təfəkkürə!
“Qaz yumurtası”, “Borc”, “Boş qəbr” hekayələrində də öz yaradıcı üslubuna xas olaraq oxucusunu intizarda saxlayır onu hekayələrinin sonuna doğru baş-başa buraxır. Bu ibrətamiz hekayələr oxucular tərəfindən çox ciddi qarşılanır.
Meyxoş Abdullah öz əsərlərini sadə, səmimi, şirin dillə yazır üslubuna da axıra qədər sadiq qalır. Yazıçı etiraf edir ki, əsərlərini yazmazdan əvvəl iki-üç həftə onu necə yazacağı haqqında düşünür və daha sonar onu böyük zəhmət hesabına ərsəyə çatdılrır.
Mənim yadımdadır ki, “Səksəkə” romanımı yazmazdan öncə düz on il onun haqqında ancaq düşünüb, daşınmışam. Əvvəlki variantlarıma görə romanın kompozisiyası tamam başqa sərgidə qurulmuşdu. Bunların hamısı başımda idi, heç birini vərəqə köçürməmişdim, hadisələr də ayrı-ayrı məkanlarda cəryan edirdi, lakin sonralar fikrimi dəyişdim və Uzaq Sibir həyatına daha çox üstünlük verdim. Çünki Sibir həyatına əsgərlik illərimdən yaxşı bələddim. Beləliklə də, “Səksəkə” adlı iki hissəli məcarəli romanım yarandı. Roman “Məşəl” jurnalında bütövlüklə dörd il yarıma hissə-hissə çap olundu.
İstedadlı yazıçı Meyxoş Abdullah gözəl nasirdir. O, cənub bölgəsində və onun hüdudlarından da kənarda tanınan, öz dəst-xətti ilə seçilən, çağdaş ədəbiyyatımızda nüfuzlu və görkəmli yazıçılardan biridir. Mən həmişə onun imzasına respublika qəzet və dərgilərdə rast gəlirəm. Arzum budur ki, qələm dostum, yazıçı Meyxoş Abdullah bundan sonra da öz qızıl qələminə sarılıb daha bitkin, daha məzmunlu realist əsərlər yaratsın. Bu yolda dəyərli dostuma yaradıcılıq uğurları arzulayıram.

Səyavuş Süleymanlı,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü, “Qızıl Qələm”
media mükafatı laureatı.