naringul

“Bir udum sevgi ver nəfəs dərməyə”

Ürəkdə qalan var

Bu sevgi baş qatmaq üçündür,
Bir gözəl nağıldı ki, içində yalan var…

Unudub gedən qayıtmaz, kürəyi ağaran yoldu,
Nə bilsin, arxada saralıb-solan var…

Ayrılıq qapısız evdi, naxışı, bəzəyi yerində,
Ən dəhşətlisi odur ki, qəlbində talan var…

Dərdin canı yox, cüssəsi yox, çəkisi yox ki,
Dərdi dağ edib, gətirib ürəyə salan var…

Göyü bir topa buludla, payızla imtahan etmə,
Arxanda buluddan betər gözləri dolan var…

Hər gecə qəlbini yu, hər gecə unut deyirsən,
Unutmaq çətin deyil ki, heyf ürəkdə qalan var…

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

Bağışla

Eşq dediyin nədir ki, bir az qəm, bir az həvəsdi,
Özünə başqa həvəs tap, burax getsin bu eşqi, bəsdi.

Sıxılsan, sevgini at, ruhun azad olsun,
Kimsə yox ki, sevib atdığın qədər yad olsun.

Qorxma ayrılıqdan, sevgi gəlişdi-gedişdi,
Unut məni, onsuz da unutmaq köhnə işdi.

Hər ayrılıqda bir az eşq, bir az darıxmaq ətri var,
Ayrılaq dost kimi, aramızda sevgi xətri var.

Biz sevgini atdıq, çöldə qaldı qarla, yağışla,
Məni o çöldə qalmış qərib sevgiyə bağışla.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

Yağış

Bu yağış
Yerin beynini döyəcləyir.
Hava su dadır.
Qulağı tutulub kənd evlərinin
Tüstüsündən yaş damır.
Yola doğru yerimir,
Ayaqlarına doğru yeriyir
İslanmış qadın.
Dumana bürünüb
Bu kəndin hər yeri
Dumana bürünüb
Qadının əynindəki
köhnə kişi pencəyi.
Qapqaynar, ipisti
Həyat var hardasa.
Burdasa…
Burdasa elə hey uzanır
Göbələk ömrü,
Yağış ömrü,
Yaz ömrü…

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>
***
Üstü bağlı otaqda
Gözləyirəm gün çıxa.
Səni şeir yazıram
Tavana baxa-baxa.

Məndən gözəl bilən yox
Darıxmağın yolunu.
Gəl birlikdə darıxaq
Boynuma sal qolunu.

Bu sevgiyə uzağı
Bir şeir yazmaq olar.
Evimin mətbəxinə
Bir şeirlik yolum var.

Qapıda qonşu qadın
Sözü-sözə calayır.
Sənə sözüm var idi
Heyf, yarımşıq qalır.

Açıram pəncərəni
Külək saçımı yayır.
Üz-gözümə toxunur
Xoşbəxtlik pıçıldayır.

Sənə şeir yazıram,
Oxu görüm necədir?
Mən özüm köhnəlirəm
Arzularım dirçəlir.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>
***
Dinlə məni, eşit məni,
Dərdim çoxdur, ilahi
Duam göydən asılıbdır
Əlim yoxdur, ilahi

Öz qütbündən çıxıbdır,
Yenə də yer kürəsi.
Düşmək olmur qapanıb
Əhatə dairəsi.

Dünya dediyin nədir ki,
Bir gizlənpaç oyunu.
Onacan saydım, itirdim
Xoşbəxtliyin yolunu.

Xoşbəxtliyə ac quş kim
Cuman canıma neynim?
Ümidim bir ovuc dəndir,
Ac qalanıma neynim?

Dizlərimə çıxır yenə,
Yolu atıb gedirəm.
Ömrüm nəzir qutusudur,
Niyyət tutub gedirəm.

Mən səni tapammıram
Ötür məni yanına.
Qorxma heç çəkim də yoxdur,
Götür məni yanına.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>
***
Qadın da vətən kimidir
Sevəni var,
Atanı var,
Satanı var,
Aldadıb
baş qatanı var.

Qadın da vətən kimidir
Əkəni var,
Biçəni var,
Köçəni var,
Tapdalayıb keçəni var.

Qadın da vətən kimidir
Bir tərəfi ölümdü-itimdi,
Sahibi olmasa yetimdi.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>
***
Duymadı dostlarım da, duymadı düşmənim də,
Ürək süfrə deyil ki, açıb tökəm,ilahi
Mən səni görəmmirəm, bilmirəm hayandasan
Mən də sənin kimiyəm, mən də təkəm, ilahi

Göyünün tavanı yox, yağış daman çətri var,
Yonuram qələm kimi, dərdin min bir sətri var
Ayrılıb gedəmmirəm, göylərin qar xətri var
Bəlkə bu buz çadırdan bir ev tikəm, ilahi

Mənə xəritə göndər, bu yollarda azıram,
Sən verdiyin düz ömrü hər gün tərsə yozuram,
Üzrlü say, sən allah, yenə alın yazıram –
Səninlə aramızda bir yol çəkəm, ilahi.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

***
Bir damla oxşarım yoxdur
Məndən gizlətdiyim mənə.
Uçmağa qanad taxıram
Gildən düzəltdiyim mənə.

Gözlərimdə dənizə çıx,
Yu dərdini təmizə çıx,
Məndən gözəl dayə də yox
Hər gün izlətdiyiim mənə.

Saçlarımı günə sərdim,
Köksünə sığmadı dərdim,
Bir topa bulud göndərdim,
Dağa bənzətdiyim mənə.

Göçürəm candan köçürəm
Qərib məkandan keçirəm
Gedib qürbətdə düşürəm
Burda gözlətdiyim mənə.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

***
Elə bağlanıbdır, kilidlənibdir
Gündüz girə bilməz axşam ömrümə.
Şana barmaqlarım buz salxımıdır
Əllərim isinməz bu şam ömrümə.

Hanı deyirdilər sağ-salamatam
Əl atsam sağ tikəm əlimə gəlməz.
Məndə çiçək açmaz, zəmi cücərməz
Göydən yerə enən daşam ömrümə.

Bir topa buluddur çıxıb qarşıma,
Gah suya çevrilir, gah göz yaşıma,
Gedib çatammıram mənzil başına,
Qanadı qırılmış quşam ömrümə.

Bir udum sevgi ver nəfəs dərməyə
Yol gedim ayağım yerə dəyməyə
Başqa yerim yox ki, gedib –gəlməyə
Elə pəncərədən düşəm ömrümə.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

Çıxdın məni özündən

Bu şəhər qupqurudur
Gün boydan dərd dizimdən.
Yuyub sıxdım canımı
Asdım göyün üzündən

Aya bax nə girdədir,
Nə yerdə nə göydədir,
Saçlarım süpürgədir,
Toz süpürür izindən.

Küləklər əzizlədi,
Göz yaşım dənizlədi,
Xatirən də bizdədi,
Hara getdin gözümdən.

Bu qadın qəm kimidir,
Dağlarda çən kimidir,
Sovrulmuş dən kimidir,
Biri qaldı yüzündən.

Toplanandıq, cəm idik
Çıxdın məni özündən.
Öpürəm sən əvəzi
Ayrılığın üzündən.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

Mənim əllərim ölsün

Mənim sevgim kiçikdi,
Lap olsun toz dənəsi,
Qalxsın göyün üzünə,
Göydən külək ələsin.

Atsam əlim qurusun,
Sussam dilim qurusun,
Mənim suyum bulanıb,
Axıb çayım durulsun.

Oyuncaq gəmi idi,
Suya düşdü həvəsim,
Bir qara bulud boğdu,
Daha gəlməz nəfəsim.

Əlimin əli yoxdu,
Sevgimi daşa vurdu.
Mənim əllərim ölsün,
Bu sevgini unudum.

Eh sənin nə vecinə,
Açma dərdin sinəsin.
Mənim ömrüm dağılır,
Üzü təsbeh dənəsi…

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

Qayıtdığım adamlar

Bir topa buluddular,
Göyləri ovutdular,
Arxamca su atdılar,
Üz tutduğum adamlar.

Qəlbimdə xal oldular,
Susdular lal oldular,
Hey qeylü-qal oldular,
Ovutduğum adamlar.

Hara çıxıb getdilər?
Hansı düzdə bitdilər?
Səpələnib itdilər,
Unutduğum adamlar.

Əvvələ gəlmədilər,
Dərdimi bölmədilər,
Tam ola bilmədilər,
Qayıtdığım adamlar.

<<<<“Bir udum sevgi ver nəfəs dərməyə”>>>>

Yoxa çıxan o qadındı

İçimdə bir qadın danışır, susmur, kirimir,
Bu qadın mənəm, yoxsa o bilinmir.

Bilmirəm çiynimdə nə ağırlıqdı, nə yükdü?
Çiynimdəki yük, özümdən xeyli böyükdü.

Səngimir, bitməyir canımda savaşlar,
Hər savaş sonrası təzə yol başlar.

Ömrümdə yad əl var, bəxtimi yad əllə yazan var,
Yığışdırın yolları, yollarda azan var…

Bu ömür bir az mənim, bir az da yadındı
Axtarma məni, yoxa çıxan o qadındı.

Yad olma, uzat əllərini, saçımda daraqla,
Sonra qayıdıb nağıl kimi keçmişi varaqla.

Müəllif: Narıngül Nadir

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ