ULUSUN  ULUSU – TURAN YOLÇUSU

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Uca Yaradana ki, daha bir görüş qismətimiz oldu. Ataların yaxşı bir sözü var, “dost dar gündə bəlli olar”. Bu misalı dosta, qardaşa lap elə ailə üzvülərinə də aid etmək olar. Məlum hadisələrlə əlaqədar son günlərdə (dünənənki Gəncədə baş verən xain düşmən saldırısını da nəzərə almaqla) baş verən hadisələr bir daha göstərdi ki, yaman gündə xalqımız, millətimiz daha da sıx birləşməyi bacarır. Bu nəinki, ölkəmizin hüdudları çərçivəsində belədir, hətta onun xaricində də özünü bu soydan bilən hər bir fərdin mənəvi qardaşlıq borcuna çevrilmişdir. Bu baxımdan artıq uzun illərdir ki, “bir millət iki dövlət” anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə son günlər sanki  “bir millət bir dövlət” kimi yaşamağa başlayıb. Bu qardaşlıq dövlət başçıları səviyyəsindən tutmuş hər iki ölkənin sıravi  vətəndaşlarına kimi dövlətlərimizin mücadilə etdiyi  ən  müxtəlif cəbhələrdə özünü məhz belə göstərir.

Şübhəsiz ki, qələm adamları bu baxımdan həmişə ön sıralarda  olub və olmaqda davam edirlər. Beləki, son günlər Azərbaycan professoru Ramiz Həsənlinin tanınmış Türkiyə yazarı Yahya Azəroğlu haqqında nəşr etdirdiyi “Turan yolçusu” kitabı təqdirəlayiq hadisədir və bu qardaşlığı möhkəmləndirən addımlardan biri kimi qiymətləndirilməlidir. Kimdir Yahya Azəroğlu? Hörmətli professor Ramiz Həsənlinin “Turan yolçusu”   adlandlrdığı kitabda haqqında bəhs etdiyi şəxs həqiqətən Turan yolçusu, bir ulusun Ulusudur.

Bəli, mən onu məhz belə adlandırardım. Düşünürəm ki, bu təbir hər cür mübaliğədən uzaq və reala daha yaxındır. O sözün əsl mənasında Gündoğandan Günbatana bütün türk ellərində aşağı-yuxarı bax, mənim bu yazını yazdığım şipşirin ana dilimizdə oxuyub – anlayan bir ulusun şairi, söz adamı, ulusudur. Təbii, onun yazılarını çevirmələr vasitəsi ilə başqa xalqların nümayəndələri də oxuyurlar. Ancaq, onlar bu yazılarla hansı dildə tanış olmalarından asılı olmayaraq, müəllifin kim olduğunu, milli kimliyini anlayırlar. Yahya Azəroğlu məhz hər kəlməsinin sahibi olduğu kimi, onun qələmindən həyat qazanan hər bir söz də öz sahibini tanıdır və ona həyat verəni yaşadır. Yahya Azəroğlu təpədən dırnağa qədər vətən, millət, insan üçün çalışan, yazıb – yaradan söz adamıdır. Onu bütün türk ellərində tanıdan da məhz bu xüsusiyyətidir. Onun vətən, bayraq, vətəndaş, qardaş sevgisi bir başqadır. İstər şeirlərində, istərsə də fiziki – faktiki olaraq dünyanı gəzib dolaşan Yahya Azəroğlu bir elin, bir obanın deyil, məhz bir ulu ulusun ulusu – ozanı, şairi olduğunu aşağıdakı  iki misrasında çox qabarıq, açıq və net şəkildə ifadə etmişdir:

“Vatanın aşkıyla çarptı yüreğim,

Her an kızıl elma oldu ereğim…”

Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla  anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Beləki, o lazımı məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüzünlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:

“Yüreğim kan ağlar yurdun haline

Hayalim uzanır Oğuz eline

Maruz kalmış Türk milləti zulüme…”

deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstan acıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh”  şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qəlmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna  şairi, təbliğatçıdır. Xeyir bu əsla belə deyil, o nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik  duyğular yüklü misraların müəllifidir:

“Azeroğlu hayat oldu derbeder

Yaralı gönlümü yıktı bu haber

Pencereden bakanlarla beraber

Perdeler ağladı, tüller ağladı…”

el  ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anlarıdr öz yurddaşına…


Zəngin dünyagörüşünə və eyni zamanda rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindəıdir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyalən dədə-babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxlar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır.

Ancaq, bütün bunlara baxmayaraq biz qələm adamları, xüsusi ilə son dövrlərdə qardaş Türk dövlətlərinin  başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan  danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfüqdə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin! Belə bir müqqədəs amala xidmət edən, müasir dövrümzüdə olduqca mühüm tərbiyəvi əhəmiyyətə malik kitabın Azərbaycanda, Bakı şəhərəndə geniş oxucu kütləsi qarşısında nəzərdə tutulmuş təqdimat mərasimi məlum məhdudiyyətlərlə əlaqədar hələlik təxirə salınıb. Gələcəkdə bu barədə mətbuat və elektron kütləvi informasiya vasitələri ilə əlavə məlumat veriləcək.

Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edərək, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edir, bütün soydaşlarıma qələbə xəbərini eşitməyi arzu edirəm. Çox sağ olun.

Müəllif: Zaur Ustac


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ