Bir kərə yüksələn bayraq, bir daha enməz.

M.Ə.Rəsulzadə

1-ci sinifə qədəm qoyandan bəri bizə vətənimizi, üçrəngli bayrağımızı sevdirən müəllimlərimiz olub. Bu günkü gün mən də bir Azərbaycan övladı kimi dövlətimlə, xalqımla, bizim mənəvi sərvətimiz, inanc yerimiz, qürur mənbəyimiz olan üçrəngli bayrağımla fəxr edirəm. Üçrəngli bayrağım dalğalandıqca vətənimin gücünü, qüdrətini görürəm. Bu gücün, bu qüdrətin altında vətənimin yenilməzliyini, məğlubedilməzliyini görürəm. Axı bilirik ki, o bayraq həm də bizim bu vətən üçün, bu xalq və bayrağımız üçün öz canından keçən saysız-hesabsız bu vətən övladlarının göstərdiyi rəşadətin, qəhrəmanlığın simvoludur. Tarixə nəzər saldıqda türk tayfaları 6-cı əsrdə Göytürk xaqanlığını yaratmışlar. “Türk” sözünün mənası möhkəm, güclü deməkdir. Deməli Azərbaycan xalqı qədimdən güclü, möhkəm bir xalq olub. Bayrağımızda olan göy rəngin bizə göytürklərdən yadigar qaldığını, qırmızı rəngin neçə-neçə qəhrəman oğul və qızlarımızın qanı bahasına başa gələn demokratiyanı, yaşıl rəng isə dinimi, imanımı islam sivilizasiyasının mənsubluğunu ifadə edir. Bayağımızdakı rənglərin mənasını görün görkəmli ədibimiz, şair, yazıçı-dramaturq C. Cabbarlı nə gözəl ifadə etmişdir:

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Göytürkləri xatırlatmışkən böyük şairimiz B. Vahabzadənin “Bayraq” şeirini də xatırlamaq yerinə düşər:

Torpağım üstünə kölgələr salan

Mənim varlığımın cilası-bayraq.

Zəfərdən doğulmuş,Göytürkdən qalan

Qurdbaşlı bayrağın balası bayraq.

 Azərbaycan Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da  Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2. dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali soveti “ Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı  elan edib. Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısı olduğu üçün üçrəngli bayraq bizlər üçün müqəddəs və əzizdir. Torpaqlarımızın işğaldan azad olunduğu bir vaxtda şəhərimizdə, evlərin eyvanlarında dalğalanan bayraqları gördükcə, eləcə də televizordan ölkəmizin digər şəhər və rayonlarında, kəndlərində, qəsəbələrində, ümumiyyətlə bayrağımız dalğalanan hara varsa gördükcə qəlbim gülür, sinəm dağa dönür. Bayraq mənim qələbə sevincimdir.  Ali Baş Komandanımıza mən təşəkkürümü bildirirəm ona görə ki, işğal olunmuş torpaqlarımız onun və xalqımın sayəsində azad edilməkdədir. Qoy bu günkü gün dostu sevindirən, düşmənin gözünə tikan batan üçrəngli bayrağımız azad edilən torpaqlarımızda dalğalansın ki, Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmanlıqla şəhid olmuş Milli Qəhrəmanlarımız  Mübariz İbrahimov, Fərid Əhmədov və bir çox şəhidlərimizin ruhu şad və qisası alınmış olsun. Mən əminəm ki, tezliklə düşmənlərimiz işğal olunmuş torpaqlarımızdan çıxarılacaq, üçrəngli bayrağımız daha da yüksəklərə ucalacaq, Qarabağımıza sancılacaq, qədim Şuşa qalasında dalğalanacaq. Xalqımla birlikdə bu qələbə sevincini yaşayacaq, Azərbaycan bayrağını daha da uca tutacağıq. Ordumuz, Ali Baş Komandanımız , üçrəngli bayrağımız bizim qürur mənbəyimizdir. Qoy uca Allah sizlərə yar olsun! Sonda yazdığım bu bayraq dahi şairimiz B. Vahabzadənin misraları ilə bitirmək istəyirəm.

Bayram mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma, öz hakimliyim.

08.11.2020 – Bakı ş.


Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin 7a sinif şagirdi)


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ