ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

NÖVBƏTÇİ XƏSTƏ
(hekayə)
Uzun müddətli bayram tətili, yağlı yeməklər, qoz-fındıq, şəkərbura, paxlava üstəgəl olduqca müxtəlif çeşidli şirniyyatlar öz işini görmüşdü.
Artıq aram-aram üzü 70-ə doğru gedirəm. Necə deyərlər, yaş o yaş deyil…
2018 – ci il mart ayının sonları, daha dəqiq desək, martın 28-i idi.
Adətim üzrə səhər saat 10:00 atıq iş başındayam. Təzəcə kabinetə keçib, öz yerimdə oturmuşdum ki, bu gün telefonlara cavab verəcək qızlardan biri qapını döydü:
– Buyurun! Gəlin!
– Olar, Kərim müəllim?
– Ta gəlmisən də.
Gələn təzə işə götürdüyüm Aydan idi. Universitetlərin birində rus dili müəllimi ixtisasına yiyələnirdi. Ailə vəziyyətləri elə də yaxşı deyildi. Gündəlik yemək və geyim ala bilmək üçün işləməyə məcbur idi. Bu qız elə ilk gündən diqqətimi cəlb eləmişdi. Açıq fikirli, diribaş qız idi. Bu adam “yox” deməyi sevmirdi. Qəbul otağındakı telefonlara cavab verən qızlar hər gün dəyişir və hamısı bilirdi ki, mən gəlib kabinetə keçən kimi təzə dəm, qaynar, pürrəngi çay masamın üstünə gəlməlidir. Aydan da yeni olmasına rəğmən səliqəli şəkildə ustalıqla masanın başına dolanıb, çayı qoyduqdan sonra qarşımda 2-3 dəqiqə ərzində əl çatan məsafədə dayanıb qəndqabını və masadakı müxtəlif əşyaları yerbəyer edib, bir az da tərəddüd içərisində çıxıb getdi. Qapını örtüb çıxanda qızın üzündəki ifadə mənə qəribə gəldi. Özümü bir az günahkar kimi hiss elədim. Qız gedəndən sonra anladım ki, nəsə məndə dəyişiklik baş verib. Vəziyyətim yaxşı deyil. Elə bil bədənim tamam ağırlaşmışdı. Bədəncə dolu adam olsam da, yaşıma görə qıvraq idim. Bu gün nəsə heç həmin adama oxşamırdım. Çox sıxılırdım. Sanki indicə nəfəsim dayanacaq. Aydanı yenidən çağırdım. Gün üçün vacib tapşırıqları verib, ofisdən çıxdım. Ailə həkimimizə zəng vurub, vəziyyəti dedim. Məsləhət gördü ki, vaxt itirmədən “Respublikaniski”də Məmməd həkimin yanına gedim, o baxsın. Mən də elə işdən maşına minib birbaşa gəldim Məmməd həkimin yanına. Məmməd həkim ora baxdı, bura baxdı. O tərəfə çevirdi, bu tərəfə çevirdi. Kürəyimi yumruqladı. Qarnımı kəsmələdi və dedi:
– Müəllim, kalan su yığılıb. Yüngül dava-dərmanla, evdə müalicə ilə keçən şey deyil. Mütləq “Semaşko”da müalicə almalısınız.
Mən razılaşmayıb deyəndə ki, a kişi, mənim işim-gücüm var, gedib xəstəxanada yata bilmərəm… Həkim, -“özünüz bilərsiniz, vəziyyət belədir,”- deyib durdu.
Mən dedikcə ki, su nədir? Bu su hara yağılıb? Mən elə anadangəlmə belə doluyam. O, “xeyr, elə deyil! Bax bura, – qarnımın üstünə kəsmə vura-vura, – 5-6 litr su yığılıb”,- deyir.
Qaldım məətəl… Çar-naçar Məmməd həkimdən göndəriş alıb getdim “Semaşko”ya. Maşını xəstəxananın həyətində saxlayıb qalxdım qəbul şöbəsinə. Göndərişi alıb qeyd etdikdən sonra ora göndərdilər, bura göndərdilər. Hamısı da pul. Günün axırında məlum oldu ki, həqiqətən bədənimə 5 litrdən artıq su yığılıb. Mütləq xəstəxanada yatıb müalicə olunmaq lazımdır. Ancaq xəstəxanada boş yer yoxdur.
Əvvəlcə elə bildim nəyisə düz eşitmirəm. Həkim “ən azı 10 gün” deyəndə bütün ağrılarım keçib getdi və mən:
-Həkim, mənim işim-gücüm var,- dedim
Həkim isə gözlərimin içinə baxaraq:
-Siz mütləq stasionar qaydada müalicə olunmalı, xəstəxanada ən azı 10 gün qalmalısınız. Vəziyyətiniz çox ağırdır. Başa düşürsünüz bütün bunları?
– Xeyr, başa düşə bilmirəm. Siz deyirsiniz ki, burada qalıb müalicə olunmalıyam. Bunlar deyir ki, boş yerimiz yoxdur. İndi mən necə edim, kimə inanım?
– Yer məsələsini onlarla həll edin. Mən yer işinə baxmıram. Mənim işim növbəti 10 gündə sizi müalicə etmək olacaq, – dedi və qapının ağzında duran iki nəfər qəssaba oxşayan, qırmızı sifət, boynu yoğun ağ xalatlı kişini göstərdi:
– Onlar deyirlər, boş yer yoxdur. Görün digər xəstələr necə yer tapırlar, siz də elə edin.
– Ay həkim, işim-gücüm tökülüb, qalıb. Buraxın gedim. Gündə neçə dəfə desəniz gələrəm müalicə edərsiniz.
– Elə olmaz, – dedi və kiməsə daxili telefonla zəng etdi. Mənim də eşidə biləcəyim tonda xəttin o başında kobud qadın səsi: – Qoy “səkkiz”ə yazsınlar, “səkkiz”ə, – deyirdi.
Nəsə, məni bir az da sorğu-sual etdikdən sonra yazdılar 8-ci otağa. Özüm öz ayağımla, ağlım başımda gəldim 8-ci otağa. Otaq, nə otaq. “Bindujnik”. Qapı-pəncərə yox kimi. İçəridə yel vurur, yengələr oynayır. İki çarpayılı dar-düdtək bir otaq. Çarpayının birində arıq, qoca bir kişi sakitcə uzanmışdı. Elə mən içəri girən kimi kişinin ah-naləsi başladı, nə başladı… Kişi bir zarıyır, bir zarıyır. Üzü də hardansa mənə tanış gəlir. Amma heç cür yadıma sala bilmirım ki, onu harada görmüşəm. Nəsə, yenidən 1 manat ona, 5 manat buna, döşək pulu, mələfə pulu, paltar pulu, sanitar pulu, qapıçı pulu, zir pulu, zibil pulu, “qa” deyənə dən, “qu” deyənə su verdikdən sonra zəng edib oğluma vəziyyəti bildirdim. Dedim ki, axşam gedib ofisi bağlayandan sonra yanıma gəlsin.
Xəstəxana paltarını geyinib yerimə təzəcə uzanmışdım ki, digər çarpayıda uzanmış qoca kişi zarımağa başladı. 5-10 dəqiqə keçdikdən sonra hiss etdim ki, mən bunun zarımağına fikir vermədikcə bu daha ucadan, ah-vayla qışqırmağa başladı. Kişi bir qışqırır, bir qışqırır, gəl görəsən. Görməyən də deyər bəs ətindən ət kəsirlər. Elə bu hayhahayda oğlum gəlib çıxdı. Mən ondan işi-gücü soruşub arxayın olduqdan sonra, o da məndən vəziyyətin nə yerdə olduğunu soruşdu. Başıma gələnlərin hamısını bir-bir danışdım. Qoca kişinin ah-vayından yarısını eşitdi, yarısını eşitmədi. Otağın şəraitinə, kişinin vay-şivəninə baxıb məndən soruşdu:
– Pa, indi sən burada qalacaqsan?
– Nə edim, ay bala? Hələ buranı da yüz minnətlə tapıblar. Deyirlər ki, boş otaq yoxdur.
– Əşi necə yoxdur? İndi mən baxaram, – dedi və oğlum “palata”dan çıxdı. Uşaq çıxan kimi,
elə bil kişinin yarasına duz basdılar. Allah, Allah bu kişi necə cikə çəkib qışqırırsa, az qalır bina uçub tökülsün. Mən də öz-özümə deyirəm: -“bu nə konsertdir düşdüm”… Elə bu vaxt oğlum gəldi çıxdı:
– Pa, dur gedək, bu gecə də evdə yat səhər tezdən səni gətirib, başqa otağa yerləşdirəcəm.
– Ay bala, olmaz. Həkim dedi ki, burada qalmalıyam.
– Əşi, rəhmətliyin oğlu, indi həkim var? Dur gedək. Həm maşını apar qoy qaraja, həm də
bu gecə evdə rahat isti yerdə yat, sabah tezdən səni özüm gətirib, lüks bir palataya yerləşdirəcəm.
– A bala, kimdi bizi bu gecə vaxtı buradan buraxan?
– Buraxarlar, buraxarlar. Sən dur hazırlaş gedək, – dedi və xəstəxananın dəhlizinə çıxdı, tez
də qayıtdı.
– Əynini dəyişmə. Elə bu paltarda gəl.
Nəsə, oğlum deyən kimi elədik. Gecəni öz evimizdə keçirib, sübh tezdən getdik xəstəxanaya. Həkimlər və digər işçilər gələnə qədər bir az da arıq, qoca kişinin ah-naləsini dinlədim. Bu arada oğlum nə etdi, nə etmədi, məni keçirtdilər başqa palataya. Adamın üstə Allah var. Bax bura palata, xəstəxana otağı demək olardı. Otaq normal, yataq normal, sanitar qovşağı normal. Əvvəlcə iki gün otaqda tək qaldım. Sonra palatadakı boş çarpayıya elə mən yaşda, mənim kimi bir kişi gətirdilər. Məndə birinci dəfə olsa da o, artıq 10 gün-10 gün dəfələrlə burada olmuşdu. Bu sahədə daha təcrübəli idi. Çox məsələlərdən xəbəri var idi. Məndən də “kefqom” adam idi. Onun da bir oğlu gəlib gedirdi. Ancaq mənim oğlum daha diribaş idi. Birdən elə olurdu ki, dördümüz də bir-birimizə qoşulub adi bir şeyə elə gülürdük ki, xəstəxanada başını bizim palataya soxmayan adam qalmırdı. “Kefqom” qonşum məni xəbərdar etdi ki, bədənindən suyu çəkdirməyə razı olma. Denən ki, müalicə olunmaq istəyirəm, sudur də özü çəkiləcək. Elə də oldu. Müalicə həkimim bir iki dəfə israr etdi ki, bu çox təhlükəlidir. Ən asan yolu suyu şəkməkdir. Razı olmadım. 5-6 gündən sonra buraya nə üçün gəldiyimi unutmuşdum. Həkimin müalicəsindən əlavə gündə bir dəfə tələbələr də gəlir, qoca professorlar, əlləri, dilləri əsə-əsə bizi göstərib nəsə danışıb gedirdilər. Bir gün özümü saxlaya bilməyib qoca professora bir-iki sual verdim. Arif adam imiş. Duydu ki, bunlar elə belə, məzəyə verilən suallardır. O məndən ciddi-ciddi soruşdu:
– De görüm işini-gücünü atıb, ilin-günün bu vaxtı burada nə gəzirsən? – mən də ona eynən belə cavab verdim:
– Həkim sağ olsun. Bəs bayaqdan bu tələbələrə nə danışırsınız?
– Onu boş ver. De görüm bu qədər suyu haradan yığmısan bura? Həm də hara yığmısan? Mədə sağlam, ağ ciyar sağlam, qara ciyar sağlam. Bir dənə öddə bir balaca daş var, o da “lal daş”dır. Ona toxunmasan yaxşıdır, – bu arada başını qapıdan içəri salıb qoca professoru diqqətlə dinləyən mənim gənc müalicə həkimimə tərəf çevrilərək əli elə qarnımın üstündə, – öd daşı üçün yazdığınız dərmanlırın istemalını dayandırn, – dedi və yenidən mənimlə söhbətinə davam etdi. Hə, de görüm bir gündə nə qədər su içirsən, ay igid oğlan?
– 2 litir, 3 litir. Bəlkə də çox.
– Niyə? Səbəb nədir? Bəs, sən eşitməmisən dahi Azərbaycan şairi Nizami bu barədə nə deyib?
– Nə deyib?
– Düzdür, bu ana dilimizə tərcümə olunub ancaq mənası belədir. Dahi Azərbaycan şairi Nizami bu barədə belə deyib: “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da.” Bəs bu qədər su içmək nə vərdişi hardandı belə? Bu nə təlabatdır? Bu nə ehtiyacdır?
– Vallah, həkim sağ olsun, bir – iki il bundan qabaq internetdə gördüm hamı paylaşır ki, su içmək belə xeyirdi, elə faydalıdır. Mən də başladım hər gün su içməyə. Düzdür, əvvəlcə elə çox içmək də olmurdu. Sağ olsun, bir müəllim dostum da dedi ki, siftə-siftə adamın ürəyi istəmir, sonra yavaş-yavaş öyrəşirsən. Elə də oldu. Bir-iki həftə zorla içəndən sonra sonra öyrəşdim. Buraya gələnə qədər birdən elə olurdu bir üç litirlik balon su içirdim.
– Sənin heç nəyin yoxdur. O su içməyi tərgit. Sənin kimi adama gündə bir fincan, yarım stəkan yaxşı çay içsə bəsidir. Bir də həkim məsləhəti olmadan “o belə xeyirlidir”, “bu belə dərmandır” kimi ağızdan-ağıza gəzən sözlərə inanma. İnternetə də heç inanma. Kim nəyi satmaq istəyir orada dolayı yollarla reklam edir. Məsələn sənə su içirdir ki, sonra gedib aptekdən dərman alasan. Özü də necə dərman. Biri sənin bir aylıq məvacibinə bərabər. Bax belə, ağıllı ol, igid oğlan! Qocaya ilişmə. Bu da məndən sənə tövsiyə…
Sağ olsun, professor məni bir balaca utandırsa da məsləhəti xeyirli oldu. Xəstəxanada qaldığım müddət ərzində arada-bərədə çığır-bağır səsləri gəlsə də fərqinə varmazdım. Arıq qoca, arıq kişini elə həmin gecədən unutmuşdum. Beləcə birinci 10 günü başa vurub evə gedirdim. Xəstəxanadan çıxanda təsadüfən həmən qoca, arıq kişini xəstəxananın həyətində siqaret çəkən gördüm və o an onu haradan tanıdığımı xatırladım. Lap çoxdan bir dəfə də bu xəstəxanaya kiminsə bir tanışın yanına gəlmişdim. Həmin vaxt da bax belə bu vaxtlar xəstəyə baş çəkib çıxanda həyətdə məndən siqaret istəmişdi bu adam. Hələ o vaxt da bu adam nəsə diqqətimi cəlb edib, yadımda qalmışdı…
Bir ay ötdü. İkinci 10 gün müalicə üçün yenidən qayıtdım xəstəxanaya. Oğlum əvvəlcədən hər şeyi həll etmişdi. Birbaşa elə əvvəlki palataya getdim. Yerləşib öz yerimə uzandım. O biri çarpayı da tutulmuşdu. Ancaq kim olduğundan hələ xəbərim yox idi. Bir xeyli keçəndən sonra otaq yoldaşım da gəlib çıxdı. Onu görəndə gözlərimə inanmadım. Bu mənim əsgərlik yoldaşım idi. Arada–sırada şəhərdə görüşürdük. Onun artıq 3-cü günü idi. Neçənci dəfə olduğunu xatırlamırdı. Nəsə ordan-burdan söhbət edirdik ki, qulağıma tanış səs gəldi. Bu o arıq, qoca, siqaretçəkən kişinin səsi idi. Ərinmədim düz gəldim “səkkizinci otağa”. Bəli, bu o idi. Öz yerində uzanmışdı. Yanındakı çarpayıya isə təzə xəstə uzatmışdılar. O da arıq, yaşlı kişi idi. Xəstə özündə deyildi. Görünür vəziyyəti çox ağır idi ki, başı üstdə dayanmış yaşlı qadın için-için, əlacsız görkəmdə ağlayırdı. Arıq kişiyə tərs-tərs baxdım. O da məni tanıdı. Səsini bir az da ucaltdı. Daha orada dayana bilməyib öz palatamıza qayıtdım. Vəziyyəti əsgər yoldaşıma danışdım. Sən demə, onun hər şeydən xəbəri var imiş. Arıq, qoca zəvzəkdən danışan kimi dedi ki, onun burada öz adı var. Buraya daimi müalicəyə gələn xəstələr ona “növbətçi xəstə” deyirlər. Bunun nə demək olduğunu soruşduqda dedi:
– Boş otaqları pulla satmaq üçün bütün gələn yeni xəstələri birinci onun yanına – “səkkizinci palata”ya yazırlar. Orada heç kim bir gündən artıq qala bilmir. Oradan ya morqa, ya da pulunu verib başqa palataya köçürlər. Yalan olmasın bəlkə 10 ildir onu tanıyıram. Burada yeyib-içir. Gəlib-gedənlərdən siqaret alıb çəkir. Orada da yatır. Onun işi hər təzə xəstə gələndə zarıyıb, pullu palataya köçməyə məcbur etməkdən ibarətdir.
– İndi sən bu otağa pul vermisən?
– Əlbəttə.
– Nə qədər?
– Guya sən verməmisən?
– Yox.
– Elə şey olmaz.
– Pul verməsən heç kim səni bu otağa buraxmaz.
– Sən nə qədər pul vermisən bu otağa?
– 300 manat.
– Oğlum gəlsin, ondan soruşarıq. Yəqin məndən xəbərsiz onlar nəsə verib. Yəni belə çıxır.
Axşam saat 7 – ni zorla dözüb gözlədim. Hər axşam 19:00 – 21:00 aralığı görüşə icazə verilirdi. Oğlum gələn kimi ona birinci sualım bu barədə oldu. Əsgər yoldaşımla qaş-gözlə, him-cim etdikdən sonra məlum oldu ki, gizlətməyin yeri yoxdur. Mən bildim ki, birinci dəfə 10 gün müalicə alanda bu otağa 200 manat, indi isə oğlum kiməsə zəng elətdirəndən sonra 150 manat pul verib. Düzü, “növbətçi xəstə” məsələsini biləndən və özüm üçün tam dəqiqləşdirəndən sonra otaq pulunun heç bir anlamı qalmamışdı. Oğlumu diqqətlə dinləyib, başımı bulamaqdan başqa heç bir reaksiya verə bilmədim.
İkinci 10 günü ancaq əsgər yoldaşımla heç olmasa 5-6 gün bir yerdə olub, dərdləşməyə görə xəstəxanada qalmağa qərar verdim. Çarpayılarımız da elə əsgərlikdəki kimi yanaşı idi. Dolablarımız da elə bil həmin dolablara oxşayırdı. Bir yerdə olanda ruhumuz da elə həmin ruh olurdu. Burada nə üçün olduğumuzu unudurduq. Keyfimiz lap kök olanda təşəkkür əlaməti olaraq “növbətçi xəstəyə” siqaret pulu da verirdik…
Son.
15-16.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru