
ZAUR İLHAMOĞLUNDAN BİR ŞEİR
Gəl, sənə bir şeir yazım…
Gəl, sənə bir şeir yazım.
Həzin şeir.
Gör misralar nə pıçıldar,
Gör kəlmələr nələr deyir?
Oxu, qəlbin duya-duya.
Hər misrada həzinliyi
İçinə çək doya-doya.
Oxuduqca gözlərinin nuru artsın.
Hər kəlmənin həzzi belə
Gözlərinin qapısından,
Ürəyinin içinəcən gedib çatsın.
Duya-duya oxu çünki,
Duymaq sənin anlamağın, hiss etməyin.
Duymaq sənin hisslərini
Güldürməyin, kövrəltməyin.
Hər sətirlər qəlbin içrə
Nəğmə qoşsun.
Sevincindən ruhun çoşsun,
Ürək çoşsun,
Sevincindən gülüş qonsun dodağına.
Bu şeirin misraları
Sığal çəksin tellərinə, yanağına.
Oxuduqca qüssə, kədər
Varlığından uzaq dursun.
Sevinc hissi, fərəh hissi
Ürəyini ovundursun.
Gəl, sənə bir şeir yazım.
Ətir saçsın ən sevdiyin çiçək kimi.
Götür, qoxla.
Ən dəyərli hədiyyəntək
Qoru, saxla.
Susuzluqdan yaman zaman
Ürəyinə su çiləsin.
Ümidsizlik duyduğun an
Ümidləri sərgiləsin.
Günlərinin sərgisinə.
Hər hərfi bir rəngə dönsün
Bəzək vursun,naxış vursun
Ürəyinin sevgisinə.
Sev bir az da, sev daha da.
Sevgin sənin bu gününə nur saçdısa,
Qoy nur saçsın sabaha da.
Gəl, sənə bir şeir yazım.
Həyatdır da..
Nələr olur, nələr, nələr..
Bu gün hansı varlığı ki,hiss edirsən,
Sabah həmin varlıq olmaz.
O varlıqdan sənə yalnız,
Qala bilər xatirələr.
Axı insan istədiyin edə bilmir.
O məkan ki səni gözlər
Bir addımlıq…
Ayaqların gedə bilmir.
O insan ki səni bəslər,
Əlin çatmaz, gözün görməz.
Səsləyərsən səs də verməz.
Boylanarsan yollar üstə
Ürək qırıq, qəlb şikəstə.
Bax, o anda
Oxuyarsan bu şeiri.
Mənsizlikdən üzüləndə,
Mənsizlikdən darıxanda..
Bax, sənə bir şeir yazdım.
Oxuyarsan.
Müəllif: Zaur Ilhamoglu
YAZARLAR.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-500-63-36 E-mail: yazarlaraz@yandex.ru