”YENƏ ŞEİR CÜCƏRİR DODAĞIMDA, DİLİMDƏ”

Ədəbiyyata ötən əsrin 80-ci illərində gələn, bu günə kimi yerli və mərkəzi mətbuatda ədəbi almanaxlarda maraqlı şeirləri ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Qəbulun 3 şeirlər və hekayələr kitabı oxuculara yaxşı məlumdur.”Döndün qövsi-qüzehə” [2005 ”Məktəb” nəşriyyatı], ”Nuhçıxan Naxçıvan” [2006 ”Əcəm”i nəşriyyatı], ”Köksüm altda söz döyünür” [2008. ”Əcəm”i nəşriyyatı”] kitablarında olduğu kimi, şairin ”Qarabağdır Azərbaycan” adlanan bu yeni kitabında da Vətən və vətənpərvərlik mövzusunda yazdığı şeirlər üstünlük təşkil edir.
İyirmi ildən artıqdır ki, xalqımız Qarabağ dərdi ilə, torpaq itkisi ilə üz-üzə dayanıb.Hər bir şairin şeirlərində yağı tapdağında qalan torpaqlarımızın sızıltısı, göynərtisi yaşayır.Bu ağrı-acını, nisgili Tofiq Qəbul da bir şair kimi iç dünyasından keçirir.
Şairin ”Qarabağdır Azərbaycan” şeirində ”Şəfəqlərdən cilvələnən, Şərqə örnək Azərbaycan” ona dikilən ac gözlərə ox kimi sancılır;
Bu da dünya xəritəsi-Odlar yurdum, mavi Xəzər
Dünyamızın sinəsində pöhrələnən gülə bənzər.
Bakı çıraq, dikilibdir bu çırağa min-min gözlər.
Sərvətimin arxasınca hey sürünür qarı düşman,
Acgözlərin gözlərinə ox-bıçaqdır Azərbaycan !

Canım Şuşa bir tamaşa, səcdəgahdır imanıma,
Yollar gedir Xankəndimə, Xocalıma, Ağdamıma,
Bütövlükdür inandığım, kölgə düşməz inamıma.
Həm Dərbənddir, həm Zəngəzr, həm Təbrizdir, həm Naxçıvan ,
Qarabağdır, Qarabağdır, Qarabağdır Azərbaycan !!

Şairin” Bakı-dünya şəhəri”, ”Naxçıvanım”, ”Köhnə qala”, ”Nuh peyğəmbərin türbəsi” şeirlərində Vətən sevgisi önə çəkilir.
Xalqın tarixi keçmişinə işıq salan bu şeirlərin mayası yurda, torpağa məhəbbətdən yoğrulub.Vətənin dar, çətin günlərində ona arxa -dayaq olan ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi ”Azərbaycanın baş tacı” şeirində şair yazır;

Bahar yağışı tək nur saçdı Heydər,
Sırsıra buzlardan əsər qalmadı.
Milləti topladı bayraq altına,
Düşmən qılıncında kəsər qalmadı.

Şair tarixi abidələrdən söz açarkənNaxçıvanın sinəsində yenicə ucalan Nuh türbəsi barəsində yazır;

Atabəylər türbəsinin
Qardaşıdır Nuh türbəsi.
Yurdun aşiq övladları
Olub onun pərvanəsi.
[”Naxçıvanım”]
Tofiq Qəbul hisslərini, duyğularını, könül çırpıntılarını misralara çevirəndə onu poetik deməyə çalışır.İnsan hisslərinin tüğyan etdiyi, ipə-sapa yatmadığı anlarda belə hiss və düşüncələrini oxucuya pıçıldayır.Bu pıçıltılarda səmimiyyət var, oxucuya hörmət var, məhəbbət var;

Bircə hisslərimə hirslənə bilsəm…
Bircə dərdlərimə səslənə bilsəm…
Bircə öz şeirimdən gizlənə bilsəm…
Şeirim haray salı sirr saxlamır ki.
[”Şeirim sirr saxlamır ki”].
Əziz dost, şeirindən gizlənmək arzusu inanıram ki, heç vaxt baş tutmayacaq.Çünki hər bir şair M.Araz demişkən ”Anadan, bacıdan gizlətdiyini qələmdən, kağızdan gizlədə bilmir”.
Tofiq Qəbulun ”Ey Simruq quşum” adlı maraqlı bir şeiri də var.Bu səpgili şeirlərə bir sıra şairlərin[ Məmməd İsmayıl, Adil Qasımov, Səhlab Məmmədov] şeirlərində rast gəlmişəm.Ancaq Tofiq Qəbul öz ağrı-acılarını özünəməxsus tərzdə Simruq quşuna ünvanlayıb, onu nağıl dünyasının dərinliyindən bu günümüzə səsləyib

Qıyya çək, qoy sussun qara qarğalar,
Qıyya çək, düşmənin ödü partlasın.
Qıyya çək, qəzəbin şimşəyə dönsün,
Ulu əcdadımın goru çatlasın.
Gəl ki bütövlükdür varlşüşm, eçqım.
Hardasan, hardasan, ey Sımruq quşum?!

Gəl, ey alovlardan mərdanə çıxan,
Məni zəfərlərə göndər ər kimi.
Odlu qanadını gərib üstümə
Apar döyüşlərə müzəffər kimi.
Qarabağ eşqiylə yanım, tutuşum.
Hardasan, hardasan, ey Simruq quşum?!

Şairin məqsədi, amalı, niyyəti aydındır.Qəlbini parçalayan, sinəsini göynədən Qarabağ ağrılarından silkinib çıxmaq üçün o, əfsanəvi Simruq quşunu köməyə çağırır.
Nahaq qanlar, günahsız insanların göyə bülənd olan ahı, fəryadı, insanlığı fəlakətə sürükləyən qanlı, dəhşətli müharibələr, insan faciələri və bir də çox təəssüf ki,bu faciələrə laqeyid baxan dünyamız…
Millətlər çarpışır biri-biriylə,
Dünyamız ayırmır haqla nahaqqı.
Günahsız tökülən qanlar bitməyir,
Dünyamız yad kimi bu qana baxır.
[”Dünyamız”]
Lakin Tofiq Qəbul başqa bir şeirində-”Cənnət dünyadı” şeirində kədərli notlardan uzaqdır.Şeir dünyaya sevgi notları üzərində köklənib;
Ürəyin atışı hey həyat deyir,
Qah-qah çəkən bulaq toy-büsat deyir,
Yer deyir, göy deyir, kainat deyir;
-”Qoruyaq dünyanı, cənnət dünyadı !”
Şairin səmimi duyğuların tərənnümünə həsr olunan məhəbbət şeirləri kitabın” Lirika dəftərindən” bölməsində toplanıb.Bu şeirlər səmimiliyi, axıcılığı, şair duyğularının bulaq qədər saflığı ilə seçilir.Əzab və iztirablar sevginin nəşəsi və həsrəti, insan ürəyinin həzin pıçıltıları bu şeirlərin sətirlərindən boy göstərir;.

Gedirsən, qürürüm qaya kimidir,
Kədərim göyərən mamır olsa da.
Gedirsən, yaxşı yol, bu yol, bu da sən.
Əlvida ,əzizim, daha əlvida !
[”Bu yol, bu da sən”]
Mənim məqsədim Tofiq Qəbulun bütün şeirləri barədə söz açmaq deyil, sadəcə oxucuya bələdçilik etməkdir.Ona görə də şairlə oxucunu tək qoymaq istəyi ilə şairin yeni kitabı ilə bağlı fikrimə, sözlərimə nöqtə qoyuram.Əsl söz oxucunundur.
ASİM YADİGAR
şair,Naxçıvan M.R.Yazıçılar Birliyinin sədri. Naxçıvan Muxtar Respublikasının Əməkdar
mədəniyyət işçisi.
2010-cu il.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru