RÖVŞƏN ABDULLAOĞLU / ROVSHAN ABDULLAOGLU KİNG SEJONG STATİON, ANTARCTİCA ŞƏHƏRİNDƏDİR.

Bellinshauzen qütb stansiyası

Bu səyahətin ən üstün cəhətlərindən biri də bizi qütb stansiyalarının işi ilə yaxından tanış etməsi oldu.

Cənubi Şetland arxipelaqındayıq. Arxipelaqa aid olan Kral Georq adasında Rusiyanın məşhur Bellinshauzen qütb stansiyası yerləşir. Bu, Antarktidada fəaliyyət göstərən böyük ölkələrə məxsus qütb stansiyalarından biridir. Bu stansiyalara kənar şəxslərin girişi qadağan olduğundan bizə yalnız Bellinshauzen qütb stansiyasının ərazisinə daxil olmağa icazə verdilər. Bellinshauzenin qonşuluğunda yerləşən Çili qütb stansiyası nəinki icazə vermədi, hətta bizim gəminin Kral Georq adasına yaxınlaşdığını görüb stansiyanı qoruyan hərbi gəmisi ilə qarşımızı kəsdi. Kapitanla danışandan sonra gəmi kənara çəkildi.

Ümumiyyətlə, burada qütb stansiyalarının fəaliyyətinin əsas hissəsi tam məxfi saxlanılır. Bəzilərində isə, Çili stansiyasında olduğu kimi, hərbçilər fəaliyyət göstərirlər.

Antarktidada ən böyük stansiya azı min nəfərin fəaliyyət göstərdiyi amerikanların qütb stansiyasıdır. Burada bir çox mühüm məqamlar öyrəndim, vaxt olduqca sizinlə paylaşacağam.

Bellinshauzen qütb stansiyası. Burada yay vaxtı 40-a qədər işçi olur, qış mövsümündə isə 13 adam qalır. Stansiya qırmızı və gümüşü rənglənmiş 15 birmərtəbəli tikilidən ibarətdir. Bizə stansiyanın əməkdaşları ilə ünsiyyət qurmağa icazə verdilər. Onlar da rahat şəkildə bəzi məlumatları bizimlə bölüşdülər. Rusiyadan olan ekspedisiya üzvləri öz həmvətənlərinə iki şüşə araq da gətirmişdilər.

Çox maraqlı məqamlardan biri stansiyanın ən hündür yerində kilsənin inşa edilməsi idi. İlboyu açıq olan kilsədə bir-birini əvəzləyən iki keşiş fəaliyyət göstərir. Dedilər ki, burada nikah mərasimi belə keçirilib. Hətta Rus Provaslav kilsəsinin patriarxı Kiril də bu kilsəni ziyarət edib, hədiyyə də gətirib. Onun məxsusi ritualla Antarktida sularını müqəddəsləşdirdiyi, ən çox da adada pinqvinlərin fonunda çəkdirdiyi şəkillər Rusiyada böyük maraqla qarşılanıb.

Bu stansiya və ümumiyyətlə Antarktikanın ekoloji və siyasi əhəmiyyəti barədə ilk fürsətdə bir neçə geniş məqalə hazırlamağı düşünürəm.

==============================================================

RÖVŞƏN ABDULLAOĞLU / ROVSHAN ABDULLAOGLU

Salam, dostlar. Antarktida səfərimiz başa çatdı, artıq Vətənə dönürük.

Bu, əlbəttə, səfərlə bağlı paylaşımların bitməsi deyil. Əksinə, ən maraqlı materiallar, çəkilişlər hələ qalır. Sosial mediada, bloqumda vaxt olduqca gördüklərimi, öyrəndiklərimi sizinlə bölüşəcəyəm. Çox maraqlı müsahibələr olacaq. Səfər müddətində hamınızın səmimi dəstəyini hiss edirdim. Hamınıza təşəkkür edirəm.

Dreyk boğazını necə keçdiyimiz, yəqin ki, hamınıza maraqlıdır. Bu dəfə dərmanları vaxtında içdiyimdən özümü çox yaxşı hiss edirdim, hətta o həngamədə göyərtəyə çıxıb bayrağımızla şəkil də çəkdirdim.

Bütün səfər yoldaşlarımız bizdən xoş təəssüratlarla ayrıldılar.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru